İngiltərənin “Arsenal” klubu gənc futbolçusu İmil Smit Rounu icarəyə verib.
Oxu.Az xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
O, Bundesliqa təmsilçisi “Leypsiq”də mövsümün sonuna kimi çıxış edəcək.
Qeyd edək ki, İmil Smit Rou “Arsenal”ın yetirməsidir. Gənc ulduz peşəkar karyerasında ilk qolunu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oyunda (3:0) vurub.
Həmçinin, “topçular” qış transfer dönəminin son günündə İspaniyanın “Barselona” klubunun mərkəz yarımmüdafiəçisi Denis Suaresi mövsümün sonunadək icarəyə götürüb.
Xatırladaq ki, 25 yaşlı Denis Suares “Arsenal”ın ispaniyalı baş məşqçisi Unai Emeri “Sevilya”da çalışdığı vaxt icarə əsasında bu komandada oynayıb və UEFA Avropa Liqasının 2014/2015 mövsümünün qalibi olub. Bundan başqa, ispaniyalı futbolçu “Barselona” ilə İspaniya çempionu (2017/18), ölkə kubokunun (2016/17, 2017/18) və Superkubokun (2016, 2018) qalibi olub. Onun 19 yaşadək İspaniya millisi ilə Avropa çempionluğu da var.
Səbuhi MUSAYEV