2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi bütün konfederasiyalar üzrə həlledici fazadadır və yarışın 48 komandadan ibarət genişləndirilmiş formatı dünya futbolunun coğrafiyasını nəzərəçarpacaq dərəcədə dəyişdirib. Kvalifikasiya prosesinin yekunlaşdığı bölgələrdə artıq vəsiqələr sahibini tapıb, digərlərində isə pley-off mərhələsi rəqabəti tamamlayacaq.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Kiçik adaların yüksəlişi
KONKAKAF regionunda ev sahibləri - ABŞ, Kanada və Meksika - avtomatik olaraq final mərhələsində yer alır. Lakin seçmə mərhələnin əsas diqqətçəkən hissəsi tarix yazan kiçik Karib ölkələrinin çıxışı oldu.

Kürasao seçmə mərhələnin ən böyük sürprizidir. Yamayka ilə həlledici oyunda əldə edilən qolsuz heç-heçə yığmanı birbaşa final mərhələsinə daşıdı. İlk dəfə dünya çempionatına yüksələn Kürasao mundial iştirakçısı olan ən kiçik ölkə kimi tarixə düşdü. Regionda diqqət çəkən digər nəticə Panama və Haitinin də vəsiqəni təmin etməsi oldu. Haiti 1974-cü ildən sonra ilk dəfə qatılacaqsa, Panama 2018-ci ildə mundialda debüt etmişdi.
Özbəklərin stabil çıxışı
Asiyada Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Özbəkistan artıq final mərhələsinə yüksəlib. Bu komandalar oyun keyfiyyəti ilə qitədə aparıcı rol oynayır. Burada Özbəkistan və İordaniyanın nəticəsi xüsusi qeyd olunmalıdır. Hər iki yığma dünya çempionatında debüt edəcək. Düzdür, onlar Asiyada orta səviyyəli komandalar hesab olunurlar. Lakin xüsusilə Özbəkistanın stabil yüksəlişi qeyd olunmalıdır. Aşağı yaş yığmalarının beynəlxalq turnirlərdə əldə etdiyi nəticələrin ardıcıllığı, eyni zamanda bir sıra özbək oyunçuların Avropa klublarında çıxış etməyə başlaması yekunda əsas milliyə təsir etdi.

Kamerun və Nigeriya kənarda
Afrika zonası üzrə seçmə mərhələdə Əlcəzair, Misir, Kot d"İvuar, Mərakeş, Qana, Seneqal, Cənubi Afrika və Tunis kimi ənənəvi güclər gözlənildiyi kimi final mərhələsinə yüksəldi. Burada Nigeriya və Kamerunun kənarda qalması diqqət çəkir. Seçmə mərhələnin mühüm elementlərindən biri də Kabo Verdenin qrupu lider bitirərək birbaşa vəsiqə əldə etməsidir. Kiçik ada dövləti üçün bu, tarixi nailiyyətdir.

Cənubi Amerikada gərgin rəqabət
Cənubi Amerika zonasında seçmə mərhələ rəqabətliliyi ilə diqqət çəkdi. Mübarizənin sonunda Argentina, Braziliya, Kolumbiya, Uruqvay, Paraqvay və Ekvador birbaşa vəsiqə qazandılar. Burada Paraqvayın yenidən final mərhələsinə qayıdışı, Ekvadorun ardıcıl ikinci mundiala yüksəlməsi diqqət çəkir. Eyni zamanda, Çilinin seçmə mərhələni sonuncu pillədə başa vurması və Perunun vəsiqə qazana bilməməsi Cənubi Amerika regionunda rəqabətin böyük olduğunun göstəricisidir. Sikli yeddinci başa vuran Boliviya isə qitələrarası pley-offda mübarizə aparmaq hüququ qazandı.
Okeaniyada gözlənilən nəticə
Yeni Zelandiya yenidən bölgədən birbaşa vəsiqəsini təmin etdi. Ənənəvi olaraq regionun ən güclü komandası olan yığma seçmə mərhələni ciddi çətinlik yaşamadan başa vurdu. Digər ada yığmalarında inkişaf əlamətləri müşahidə olunsa da, güc fərqi bu mərhələdə hələ də açıq şəkildə görünür.
Rəqabətin pik nöqtəsi və çətin pley-off tapşırığı
UEFA zonasında seçmə mərhələ bu həftə rəsmi olaraq başa çatdı. Avstriya, Belçika, Xorvatiya, İngiltərə, Fransa, Almaniya, Niderland, Norveç, Portuqaliya, Şotlandiya, İspaniya və İsveçrə qruplarını lider bitirərək birbaşa vəsiqə qazandılar. "Köhnə qitə"də Norveç millisinin möhtəşəm çıxışı xüsusi vurğulanmalıdır. Skandinaviyalılar İtaliya kimi güclü komandanın yer aldığı qrupu maksimal nəticə ilə başa vurmaqla dünya çempionatına birbaşa vəsiqə qazandılar. Heyətində kifayət qədər böyük adlar olan komandadan mundialda da gözləntilər böyükdür.

Avropanın ən diqqətçəkən nəticələrindən biri İtaliyanın yenidən birbaşa vəsiqə qazana bilməməsi oldu. "Skuadra Adzurra" seçmə mərhələni ikinci yerdə tamamladı və pley-off oynamalı olacaq. Bu, İtaliya futbolunda struktur problemlərin və nəsil dəyişməsinin hələ də tam həll olunmadığını göstərir.
Azərbaycanda da kifayət qədər böyük azarkeş ordusuna malik Türkiyə yığması isə İspaniya ilə rəqabətdə qrupu ikinci pillədə başa vurdu. "Ay-ulduzlular" pley-offda şanslarını axtaracaqlar.
Ümumiyyətlə, pley-off mərhələsi İtaliya və Türkiyə ilə yanaşı, Ukrayna, Polşa, İsveç, Uels, Danimarka kimi yığmalar üçün də həlledici olacaq. Qitələrarası pley-offda isə Boliviya, Konqo Demokratik Respublikası, İraq, Yamayka, Yeni Kaledoniya və Surinam yarışacaqlar. Pley-offların nəticəsi mundial xəritəsinin son konturlarını müəyyənləşdirəcək.
DÇ-2026-nın seçmə mərhələsi dünya futbolunun həm ənənəvi güclərini, həm də yeni adlarını final mərhələsinə daşıyan genişləndirilmiş model ilə tarixə düşür. Kürasao və Kabo Verde kimi kiçik ölkələrin yüksəlişi, Avropada pley-off mübarizəsinin sərtliyi, Asiyada orta səviyyə komandalarının irəliləyişi yeni formatın bütün qitələr üzrə təsirini aydın şəkildə göstərir.