Kürasao millisinin qapıçısı Eloy Rom 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Ekvador yığması ilə keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, qarşılaşma sensasiyalı şəkildə qolsuz bərabərliklə başa çatıb.
37 yaşlı qapıçı qapısına yönələn 15 zərbəni dəf edərək, əsas vaxtda edilən seyvlərin sayına görə dünya çempionatlarının rekordunu müəyyənləşdirib. Mütləq rekord isə amerikalı Tim Hovarda məxsusdur. O, 2014-cü ildə Belçikaya qarşı keçirilən matçda (əlavə vaxt da daxil olmaqla) 16 zərbənin qarşısını almışdı.
E qrupunun turnir cədvəlində Almaniyanın altı, Kot-d'İvuarın isə üç xalı var. Ekvador və Kürasao hərəyə bir xal qazanıblar. Sonuncu turda Ekvador Almaniya ilə, Kürasao isə Kot-d'İvuarla qarşılaşacaq.