Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lionel Messi: "İnter Mayami" mən gəldikdən sonra ilk kubokunu qazandı"
"ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatına (MLS - "Major League Soccer") gəldikdən sonra oyun tərzimi dəyişmək məcburiyyətində qaldım"
Oxu.Az xəbər verir ki, bunu Lionel Messi idman jurnalisti Fabritsio Romano ilə müsahibəsində deyib.
- Avropada hələ qatıla biləcəyin klublar qalmışkən, ABŞ-də oynamağa səni nə vadar etdi?
- Mən buraya gəldiyim zamanlarda klub hələ yenicə başlayırdı və mən bəzi şeylərin reallaşmasına kömək olmaq istəyirdim. Bu böyüməyə kömək olmaq fikri məni cəlb etdi və seçimimdən məmnunam.
- ABŞ liqası digər liqalardan necə fərqlənir?
- Burada çoxlu futbol ehtirası gördüm. Bu isə mənim hər zaman axtardığım cəhətdir. Çünki mən bu ehtirası basketbolda, beysbolda, Amerika futbolunda görmüşəm, futbolda isə həmin idman növlərinə nəzərən ehtiras daha azdır. Mən təəccüblənmişdim, bu liqa mübarizə dolu bir liqadır, bütün komandalar üçün səfərdə oynamaq çox çətindir, çünki bütün komandalar öz evlərində daha güclü oynayırlar. ABŞ-də istənilən yerə gedib stadionları sadiq azarkeşlərlə dolu görmək möhtəşəmdir. Təəccübləndim, çünki bunu bilmirdim. Hazırda isə yaşadıqlarımdan zövq alıram.
- Burada olan istedadlar barədə nə düşünürsən?
- Burada artıq klublar gələcək vəd edən istedadlar barədə düşünməyə başlayıblar. Bu hal gənc oyunçular üçün böyük fürsətdir və liqanın çiçəklənməsi, ABŞ liqasının inkişafı adına böyük imkanlar var.
- ABŞ liqasına gəldikdən sonra oyun tərzini dəyişmisən, daha az driblinq edib, daha çox ötürmələrlə oynayırsan, doğrudur?
- Mən bunu az-az dəyişməyə başladım, çünki həm yaşım etibarilə zaman məhdudiyyəti baxımından, həm də liqaya daha tez uyğunlaşmaq üçün etməli idim. Mən yeni bir tərz yaratmıram, sadəcə mənim üçün yeni olan bir liqaya uyğunlaşmağa çalışıram. Başlanğıcdan etibarən özümü çox rahat hiss etdim.
- Sən burada ilk vaxtlarında bütöv bir mövsüm keçirtdin və daha sonra milli ilə Amerika Kubokunda oynadın. Hazırda isə sən əsas mərhələyə yüksəlmisən. ABŞ liqasına gəldiyindən keçdiyin yol barədə nə düşünürsən?
- Hər şey möhtəşəm idi, elə deyil? Klubun adına yüksək pilləyə yüksəlmək üçün kuboklar qazanmalısan və güclü bir rəqibə çevrilməlisən.
Klub liqada pis mövsüm keçirmişdi, mən gəldikdən qısa müddət sonra isə biz Liqa Kubokunu qazandıq, bu isə klubun ilk kuboku idi və hər kəs üçün xüsusi anlar idi. İndi isə biz əsas mərhələ üçün böyük arzularla çalışmağa hazırıq. Burada əsas mərhələni keçmək və ABŞ liqasını qazanaraq klub kolleksiyasına yeni kubok əlavə etmək və bunun üçün çalışmaq əsas məqsədimizdir.
- Futbolla yanaşı, hansı oyunu oynamağı sevirsən?
- Padel, tennis, basketbolu sevirəm, lakin ən çox padeli sevirəm.
Rəylər