Fransa yığmasının kapitanı Kilian Mbappe xəyalındakı şam yeməyinə dəvət etmək istədiyi dörd nəfərin adını açıqlayıb.
Oxu.Az bu barədə "The Athletic" nəşrinə istinadən xəbər verir.
"Real Madrid"in futbolçusu əfsanəvi basketbolçu Maykl Cordan, məşhur tennisçi Serena Uilyams, hücumçu Kriştianu Ronaldu və müğənni Rihanna ilə eyni masa arxasında əyləşmək istədiyini etiraf edib.
"Mən yemək bişirmirəm. Əgər bişirməyə başlasam, hamı dərhal evinə qaçacaq. Bəlkə, sadəcə, nəsə sifariş edək?" - deyə Mbappe zarafatla bildirib.
"Maykl Cordan mənim üçün ilham mənbəyidir. Bir dəfə onunla görüşmüşəm və karyerası haqqında danışmaq üçün onunla daha tez-tez görüşmək istərdim.
Kriştianu Ronaldu mənim kumirim idi, indi isə dostumdur. Mənə məsləhətlər versin və dəstək olsun deyə onunla vaxt keçirməyi xoşlayıram. O da bilir ki, mən həmişə onu dəstəkləyəcəyəm.
Serena Uilyamsı seçərdim, çünki heyran olduğum bir idman növündə onun karyerasından ilham almaq istəyirəm.
Və bəlkə də, daha sonra Rihanna. Rihanna xoşuma gəlir", - deyə Mbappe müsahibəsində bildirib.