"Dünən etiraz etsəydik, xal qazanıb, qələbəni əldə edə bilərdim".
Bu fikirləri Oxu.Az-a açıqlamasında azərbaycanəsilli alman güləşçi Mədinə Bayramova (49 kq) deyib.
O bildirib ki, altı yaşından Almaniyaya köçüblər:
"On ildir Almaniyada yaşayıram. Düşünürəm ki, Azərbaycanda güləşə diqqət daha böyükdür. Burada güləşi sevirlər. Həm də azərbaycanlılar daha texnikalıdırlar. İlk dəfədir ki, Azərbaycanda güləşirəm. Lakin yay tətillərində Bakıya gəlirəm. Almaniyaya artıq uyğunlaşmışam. Hələlik Azərbaycanı təmsil etməyi düşünmürəm. Komanda yoldaşlarım daim mənə dəstək olurlar. Bakı barədə, ölkəmiz haqqında məndən soruşurlar.
Düzü, imkan olmur Azərbaycan güləşçilərinin çıxışını izləməyə, lakin bacardığım qədər ən azı öz çəkimdəki idmançıların çıxışlarına baxıram. Mariya Stadnikin çıxışlarını isə yaxından izləyirdim".
Qeyd edək ki, Mədinə Bayramova 1/4 finalda məğlub olaraq mübarizəni dayandırmışdı.