Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Peşəkar Futbol Liqasında "Ayın qolu" layihəsinin şərtləri niyə DƏYİŞDİRİLDİ?
Peşəkar Futbol Liqasının (PFL) Misli Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi "Ayın qolu" layihəsinin şərtləri dəyişdirilib. Belə ki, qaliblər artıq qurumun "Facebook" səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşəcək. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Peşəkar Futbol Liqasının (PFL) mətbuat katibi Sənan Abdullayev bildirib ki, qərarın dəyişdirilməsinin xüsusi bir səbəbi yoxdur.
"Qərarın dəyişdirilməsinə xüsusi bir səbəb yoxdur. Əvvəllər də müxtəlif klublardan səsvermə ilə bağlı müraciətlər gəlirdi. Əsasən, bildirilirdi ki, azarkeşlərdən çox, futbolçunun qohumları, yaxınları səsverməyə müdaxilə edirlər. Amma xüsusən son seçimlər zamanı, təsdiqlənməsə belə, müdaxilələrlə bağlı çoxsaylı şikayətlər almağımız nəticəsində bu addımın atılması qərarı verildi. Özünüz də gördüyünüz kimi, münsiflər heyəti ölkə futbolunda xüsusi rolu olan şəxslərdən qurulub. Ümid edirik ki, yekunda ədalətli nəticələr futbolsevərləri də razı salacaq", - S.Abdullayev deyib.
Qeyd edək ki, 11 nəfərlik münsiflər heyətində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, milli komandanın baş məşqçisi Fernandu Santuş, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, futbol mütəxəssisləri Nazim Əliyev, Nazim Süleymanov, Arif Əsədov, Aslan Kərimov, Mahmud Qurbanov yer alıblar.
Anar Həsənov
"Peşəkar Futbol Liqası (PFL)" teqi üzrə xəbərlər
- PFL "Mingəçevir" klubunun tələbini geri çevirib
- Azərbaycan Premyer Liqasının dəyəri ötən illərə nisbətən yüksəlib
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq?
- Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin oyunlarının tarixi bəlli olub
- Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi nə zaman açılacaq?
Rəylər