“Azərbaycan Antidopinq qaydalarına əsasən antidopinq qayda pozuntusu törətmiş idmançıya tətbiq olunan sanksiya barədə məlumat yalnız hüquqi prosedur tamamlandıqdan və bu barədə Ümumdünya Antidopinq Agentliyi həmin şəxsin mənsub olduğu beynəlxalq və yerli federasiyaya bildiriş verdikdən sonra ictimaiyyətə açıqlana bilər”.
Bunu Oxu.Az-a AMADA-nın Hüquq şöbəsinin müdiri Fərhad Abasov deyib.
Xəbər verdiyimiz kimi, sentyabrda keçirilmiş pauerliftinq üzrə Azərbaycan çempionatında çempion olmuş 5 idmançıda qanunla istifadəsi qadağan olan dopinq maddəsi olan stereoid aşkarlanıb. Adlarını bildiyimiz, lakin nəticələr açıqlanmamış etik cəhətdən isimlərini çəkmək istəmədiyimiz idmançılardan ikisi müalicə məqsədi ilə dopinq tərkibli dərmanlardan istifadə etdiyini bildirərək qərardan apellyasiya şikayəti edib.
Onların məsələsi barədə AMADA-nın rəsmi mövqeyini F.Abasov çatdırıb: “Sözügedən işlərlə bağlı hazırda qanunla müəyyən edilmiş müddət çərçivəsində antidopinq icraatları davam edir və hüquqi prosedurlar tamamlanmayıb. Qeyd edim ki, ümumuilikdə antidopinq qayda pozuntularının icrasının tamamlanması idmançıya ilkin bildiriş təqdim edildikdən sonra 6 ay müddətində həyata keçirilir. Bununla belə, işin fərdi xüsusiyyətləri nəzərə alınaraq, yəni apellyasiya şikayəti, terapevtik istifadə üçün icazə müraciəti, yaxud icraat zamanı ortaya çıxan digər məqamlar səbəbindən bu müddət uzana bilər”.
İdmançıların Azərbaycan çempionatından fərqli olaraq, beynəlxalq yarışlarda onlardan dopinq test götürülməməsi barədə fikirlərinə F.Abbasov belə münasibət bildirib:
“Qeyd edim ki, hər bir ölkədə dopinqə nəzarət məsələləri milli antidopinq qanunvericiliyi ilə tənzimlənir. Azərbaycanda da Antidopinq Qaydaları mövcuddur və bu qaydalar Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlar əsasında hazırlanıb. Qanunvericiliyə əsasən ölkədə fəaliyyət göstərən bütün idman subyektlərinin Azərbaycan Antidopinq Qaydalarına riayət etmək öhdəliyi var və bu qaydalar bütün idman subyektlərinə şamil olunur. Yəni AMADA-nın bütün idman növləri üzrə dopinq nəzarəti həyata keçirmək səlahiyyəti var. Antidopinq qayda pozuntuları ilə bağlı milli antidopinq təşkilatları tərəfindən verilən qərarlar birmənalı olaraq ölkə daxilində qüvvədə hesab olunur. Beynəlxalq səviyyədə isə Ümumdünya Antidopinq Məcəlləsinə imza atan bütün təşkilatlar tərəfindən tanınır”.
11.00
Pauerliftinq üzrə millimizin aparıcı üzvlərindən ikisi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qərarından şikayət edib.
Oxu.Az-ın xəbərinə görə, bunlar Azərbaycan çempionu olmuş idmançılardır. Onların qanında qanunla qadağan olunmuş stereoid maddəsi tapılıb.
Hər iki idmançı yerli və beynəlxalq yarışlarda onlardan heç vaxt dopinq test götürülmədiyini və bu səbəbdən bunun qanunla qadağan edildiyini bilmədiyini bildirib. Həmçinin onlar müalicə aldıqları üçün tibbi dərman vasitələrindən istifadə etməyə dair əllərində sənədin olduğunu əsas gətirərək apellyasiya instansiyasına müraciət edib.
Bundan başqa, digər Azərbaycan çempionu olan üç idmançıda da dopinq testin nəticəsi pozitiv çıxıb. Daha 1 idmançı isə test verməkdən imtina edib.
Qeyd edək ki, AMADA-nın direktoru Şəfəq Hüseynli dekabr ayında qurumun verdiyi hesabat xarakterli mətbuat konfransında 5 pauerlifterdə dopinq tapıldığını bildirsə də, adları açıqlamayıb.
Səbuhi Musa