Xorvatiyanın "Dinamo Zaqreb" klubunun futbolçusu Sami Mmaenin "Qarabağ"a keçidində maraqlı faktlar aşkarlanıb.
Oxu.Az Dnevnik.hr nəşrinə istinadən xəbər verir ki, "Dinamo Zaqreb" klubu mərakeşli müdafiəçinin bahalı olması və ümidləri doğrultmaması səbəbindən onunla yolları ayırmaq qərarına gəlib.
Mmaeni "Dinamo Zaqreb"in əvvəlki direktoru Marko Mariç tərəfindən 2024-cü ildə Macarıstanın "Ferentsvaroş" klubundan azad agent kimi gətirilib.
Onunla illik 840 000 avro maaş qarşılığında dörd illik müqavilə imzalansa da təcrübəli futbolçu ayda 70 000 avro maaş alıb.
Belə ki, klub futbolçunun performansından narazı olduğundan meydana buraxmamaq qərarına gəlib.
Üstəlik, mərakeşli legioner əsas komanda ilə məşqlərə də buraxılmır.
Hazırda "Qarabağ"la danışıqlar tamamlanma mərhələsindədir və transferin ən qısa müddət ərzində elan ediləcəyi gözlənilir.
Ağdam klubu Samini iki illik icarə əsasında heyyətinə qatmaq niyyətindədir.
S.Mmae Azərbaycan klubunda 2027-ci ilin yayınadək oynayacaq. İcarə anlaşmasında sonradan birdəfəlik alınması bəndi yoxdur. Bu isə o deməkdir ki, futbolçunun adını maaş cədvəlindən çıxarmaq "Dinamo Zaqreb" üçün çox önəmli olub.
"Qarabağ" növbəti transfer çalışmasını yekunlaşdırıb.
Oxu.Az sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Sami Mmae ilə anlaşıb.
"Dinamo Zaqreb"in stopperi artıq Bakıdadır. Mərakeşəsilli belçikalı bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda bir problem aşkarlanmasa, günün ikinci yarısında tərəflər müqavilə imzalayacaqlar.
28 yaşlı mərkəz müdafiəçisi ötən yay "Dinamo"ya Macarıstan "Ferentsvaroş"undan azad agent kimi keçib. "Gent"in yetirməsi Belçikada, həmçinin "Standard" və "Sent Trüden"in şərəfini qoruyub. Niderland "Maatstrixt"ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.
Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də "Qarabağ"ın "Ferentsvaroş"la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.