Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”a rəqib olan “Qarabağ” bu gün Polşaya yollanıb. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanov səfəröncəsi Heydər Əliyev Beynəlxalq aeroportunda Sport24.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Bunadək açıqlama vermişdiniz ki, “Rakuv” digər Polşa klublarından fərqlənir. Oyun sistemində, yoxsa başqa planda? Bu barədə geniş danışardınız...
- Həqiqətən, çox ciddi rəqibdir. Əvvəlki açıqlamalarımda da bildirmişdim ki, “Rakuv”, doğrudan, digərlərindən fərqlənir. Bu, ümumiyyətlə, oyun sistemində, oyun dəst-xəttində özünəməxsusluqla bağlıdır. Çünki neçə vaxtdır, komandanı eyni üslubda inkişaf etdirirlər. Neçə illərdir, çempionluq uğrunda mübarizə aparırdılar və nəhayət, son mövsümdə buna nail oldular. Hətta keçən və bundan əvvəlki illərdə çox böyük şansları vardı. Təkcə indi yox, ümumiyyətlə, son illər “Rakuv” çox sabit oyun nümayiş etdirir. Çox intizamlı, möhkəm komandadır. Beşli müdafiə oynayırlar. Çoxları düşünə bilər ki, bu sistemdə daha çox müdafiəyə üstünlük verirlər. Lakin qətiyyən belə deyil. Rəqib məcbur eləməsə, onların müdafiədə oturmaqla bağlı heç bir düşüncəsi yoxdur. Demək olar, 90 dəqiqə, xüsusilə, evdəki matçlarda hücumda olmaq istəyirlər. Buna görə rəqibi daha dərindən tanımağa çalışdıq. Belə düşünürəm ki, maraqlı oyun olacaq. İnşallah, futbolçularım bu matça hazırdırlar və daha diqqətli olmağa çalışacağıq.
- Heyətlə bağlı son durum necədir? Hər hansı zədə, narahatlıq varmı?
- Normaldır vəziyyət. Demək olar, hər şey qaydasındadır. Sadəcə, Juninyonun xidmətindən böyük ehtimalla istifadə etməyəcəyik. Çünki oyundan əvvəl bildrimişdim ki, son məşqdə mikrozədə alıb. Buna görə riskə getməyəcəyik.
- “Rakuv”un sürətli hücum futbolu oynadığını qeyd etdiniz. “Qarabağ” da hücum futbolu oynamağı xoşlayır və ola bilərmi ki, bu dəfə daha çox müdafiədən oynayasınız? Yoxsa öz futbolunuza sadiq qalacaqsınız?
- Ümumiyyətlə, öz zonamızda müdafiə olunmaq kimi düşüncəmiz yoxdu. Müdafiəni rəqib zonasında qurmaq istəyirik. “Rakuv” da bu oyun üslubuna daha çox üstünlük verir. Məni rəqibdə daha çox bu cəlb edir ki, hücumda ola-ola müdafiə olunmağa çox böyük diqqət yetirir. Hər futbolçu meydanda yerləşdiyi zonasını çox yaxşı bilir. Rəqib bizi müdafiədə oturmağa çox məcbur etməsə, çalışacağıq ki, daha çox vaxtı hücumda keçirək.
- Hər bir komandanın zəif nöqtəsi, zəif bəndi olur. Yəqin ki, “Rakuv”u təhlil edəndə, bunu üzə çıxarmısınız. Bu barədə danışa bilərsiniz, yoxsa...
- Yox. Belə açıq şəkildə məlumat verə bilməyəcəyəm. Amma ümumən rəqibdə kollektiv oyun həddən artıq yaxşı səviyyədədir. Rəqibə boşluqlar verməmək üçün maksimum səy göstərərlər. Sadəcə, onları məcbur etməliyik ki, səhv etsinlər.
- “Linkoln”la ilk matçla müqayisədə ikinci görüşdə əsas heyətdə bir dəyişiklik etdiniz. Nəriman Axundzadənin yerinə Yassin Benziya çıxmışdı. Bu dəfə heyətlə bağlı hansısa bir sürpriz varmı?
- Ümumiyyətlə, heyətlə bağlı çox da sürpriz etməyi xoşlamıram. Əksinə, rəqibə uyğun stabil heyəti qoruyub saxlamaq istəyirəm. Onsuz da ciddi bir dəyişiklik gözlənilmir.
- Polşa səfəri adətən futbol ictimaiyyətində, azarkeşlərdə bir narahatlıq yaradır - həm futbol ölkəsi, həm də rəqiblərin çətinliyi baxımından. Amma adətən, oradan parlaq qələbələrlə qayıdırsınız. Növbəti belə parlaq qələbəyə ümid necədir?
- Biz ümidliyik. Ümumiyyətlə, Polşa komandaları üzərində qalibiyyətlərimiz onları bizə qarşı daha ciddi edib. Bəzi yazılardan da oxuyuruq ki, çox ciddi hazırlaşırlar. Bu barədə həm jurnalistlər yazır, həm də azarkeşlər. Ancaq bunu düşünməli deyilik. Onlara qarşı iki oyunumuz var və çalışacağıq ki, bu matçların yekununda uğurlu nəticə əldə edək. Amma dediyim kimi, çox ciddi, çox yaxşı, çox maraqlı bir komandaya qarşı oynayacağıq.
- Rəqib ölkənin mətbuatında belə bir başlıq getmişdi ki, son illərdə “Qarabağ” Polşa klublarının lənətinə çevrilib. Artıq Polşa azarkeşlərində, tərəfdarlarında “Qarabağ”a qarşı qorxu yaranıb…
- Məncə, belə fikirlərə diqqət ayırmamalıyıq. Bu, idmandır. Hər zaman hər iki komandaya uğurlar arzulamışam. Həmişə istəmişəm ki, meydanda yaxşı mübarizə getsin, azarkeşlər oyunlarımızdan razı qalsın. Ümumiyyətlə, belə bir vəziyyətə düşəndə həmişə demişəm ki, bizim komandaya, futbolçulara yalnız fayda verir. O fikirlərə o qədər önəm ayırmamalıyıq. Çünki mənə elə gəlir ki, ilk olaraq bu, mane ola bilər.
- Qara Qarayev son günlərin əsas danışılan mövzusudur. Onun “Qarabağ”ı əzəli rəqibi “Neftçi”yə dəyişməsini gözləyirdiniz? Ümumiyyətlə, futbolçunun bu keçidini necə şərh edərdiniz?
- Məncə, şərh etməyə ehtiyac yoxdur. Qara bizim ailənin üzvüdür. Bizdə olduğu müddətdə də belə idi, bu gün də belədir. Sadəcə, futbolda ümumən belə hallar çox olur ki, oyunçu uzun müddət çıxış etdiyi komandasını dəyişir. Amma hər bir halda, Qara həmişə çox istədiyimiz, çox peşəkar futbolçulardan olub. Mən bir məşqçi kimi neçə illər onunla bir yerdə çalışdım. Qaranın qarşıdakı uğurlarına ancaq sevinə bilərəm.
- Qaranın keçidini Luiş Fiqunun “Barselona”dan “Real”a keçidinə bənzətmək olar?
- Heç ağlıma gəlməyib belə şey.
