Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır.
“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Dandolk”la qarşılaşacaq ağdamlıların çalışdırıcısı oyundan əvvəl mətbuat konfransı keçirib.
Q.Qurbanov rəqibin gücündən bəhs edib: “Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla, bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".
Qeyd edək ki, “Dandolk” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Rəylər