Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclasdan sonra brifinq keçirən AFFA prezidenti Rövnəq Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb.
O, Qurbanovun “Qarabağ”da və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: “Qurban Qurbanov “Qarabağ”da qalır, işini davam etdirəcək. Bilirsiniz ki, millinin bazası “Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadır. Buna görə də orada qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirələr apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, “Qarabağ”da qalsın”.
AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərinə də aydınlıq gətirib: “Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricindən məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosesidir. Düşünürük ki, sistem qurulmalıdır. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən vahid sistemlə aparılsın. Yəqin ki, yaxşı nəticələr olacaq”.
Abdullayev millidə köməkçi məşqçilərin hələ müəyyənləşmədiyini deyib. Qurum rəhbəri bildirib ki, baş məşqçi yeni təyin olunub və sonra bu barədə məlumat veriləcək.
AFFA rəhbəri Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdir və Qurban da vətənpərvərdir.
***
11:10
AFFA prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin iclasından sonra Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovla birgə brifinq keçirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, R.Abdullayev əvvəlcə yeni baş məşqçinin təyinatı məsələsinə toxunub, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
“İclas başa çatdı. Yekdil qərarla Qurban Qurbanov baş məqşçi təyin olundu. Onu təbrik edir və uğurlar arzulayıram”, - deyə AFFA prezidenti vurğulayıb.
A.M.