"Real Madrid" klubu Çempionlar Liqasının pley-offu çərçivəsində "Benfika" ilə səfər qarşılaşmasında komandanın braziliyalı ulduzu Vinisius Juniora qarşı sərgilənən irqçi davranışları təsdiqləyən materialları Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) təqdim edib.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ ilə bağlı məlumatı Madrid təmsilçisinin mətbuat xidməti ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, turnirin 1/8 final mərhələsinin pley-off görüşü fevralın 17-də Lissabonda baş tutub və oyun "Real Madrid"in 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Rəqib qapısına yol tapan Vinisius qoldan sonra meydan sahiblərinin azarkeşlərinə tərəf qaçaraq emosional jestlər nümayiş etdirib. Daha sonra futbolçu qarşılaşmanın baş hakiminə yaxınlaşaraq irqçi təhqirlərə məruz qaldığını bildirib. İspaniya mətbuatında yer alan iddialara əsasən, Vinisius "Benfika"nın argentinalı yarımmüdafiəçisi Canluka Prestianni tərəfindən irqçi ifadələrlə təhqir edilib. Baş verən gərginlik səbəbindən matçda 10 dəqiqəlik fasilə elan edilib.