UEFA Millətlər Liqasının final matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi ilə İspaniya seçməsi üz-üzə gəliblər.
Matç qarşılıqlı qollarla keçib. 21-ci dəqiqədə hesabı ispanlar açıblar. Zubimendi fərqlənib. 5 dəqiqə sonra Mendes hesabı bərabərləşdirib.
45-ci dəqiqədə Oyarzabal ispanları yenidən hesabda önə çıxarsa da, ikinci hissədə Ronaldu yenidən oyunda tarazılığı bərpa edib - 2:2. 40 yaşlı oyunçu həm də turnirdə qol vuran ən yaşlı futbolçu olub.
Matçın əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalibin adına penaltilər seriyası aydınlıq gətirib. Burada isə daha dəqiq olan portuqallar (5:3) Millətlər Liqası kubokuna yiyələniblər.
Qeyd edək ki, Portuqaliya millisi ikinci dəfə Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnir ilk dəfə keçirilərkən bütün rəqiblərini üstələyib. Beləliklə də, Portuqaliya millisi Millətlər Liqası tarixində çempionluq titulunu iki dəfə qazanan ilk və yeganə seçmədir.
UEFA Millətlər Liqasında üçüncü yer uğrundakı Almaniya - Fransa matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun "Ştutqart Arena"da keçirilib.
45+1-ci dəqiqədə matçda hesabı fransız hücumçu Kilian Mbappe açıb. 84-cü dəqiqədə Maykl Olişe Kilian Mbappenin ötürməsi ilə Fransa yığmasının üstünlüyünü iki qola çatdırıb - 0:2.
Beləliklə də, "xoruzlar" turnirin bürünc medallarına sahib olublar.
Bu gün UEFA Millətlər Liqasında bürünc və qızıl medalın sahiblərinə aydınlıq gələcək.
Oxu.Az xəbər verir ki, bürünc medalın sahibi Almaniya - Fransa matçında bəlli olacaq.
Günün əsas matçında isə Portuqaliya İspaniya ilə qızıl uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Almaniya - Fransa matçı Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya - İspaniya oyunu isə saat 23:00-da start götürəcək.
8 iyun
UEFA Millətlər Liqası
Bürünc medal uğrunda mübarizə:
Saat 17:00, Almaniya - Fransa.
Final:
Saat 23:00, Portuqaliya - İspaniya.