İbrahima Vadjinin “Qarabağ”dan ayrılmasının təfərrüatları müəyyənləşib.
Qol.az-ın əldə etdiyi xəbərə görə, son vaxtlar seneqallı futbolçu baş məşqçi Qurban Qurbanova komandadan getmək niyyətini açıqlayıb. O, buna səbəb kimi ailəsinin Fransada yaşamasını göstərib. Vadji bir neçə dəfə ailəsinin davamlı təsiri ilə karyerasını həmin ölkədə davam etdirmək istədiyini söyləyib. Baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi isə ilk gündən onun gedişinin və futbolçunu satmağın əleyhinə olub. Lakin yekunda tərəflər belə razılığa gəliblər ki, Vadji avrokuboklarda pley-off mərhələsinin sonuna qədər komandaya kömək etsin, yalnız bundan onun transferinə icazə verilsin.
Çempionlar Liqasının təsnifat mərhələlərində Vadji uğurlu oyunu ilə diqqət çəkib. O, 4 qol vurmağı bacarıb. Həm də bu səbəbdən klub və Qurban Qurbanov bir daha seneqallı oyunçunun getməsinin əleyhinə olub. Amma futbolçu fikrindən dönməyib.
Beləliklə də “pley-off” başa çatdıqdan sonra “Qarabağ” klubu Vadjinin, onun özünün təkidli tələbi ilə Fransanın “Sent-Etyen” klubuna satmağa icazə verib.
Bu transferin yaxın 2-3 gün ərzində rəsmən açıqlanacağı gözlənilir. Fransa mətbuatı transferə görə “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb.
Əldə etdiyimiz məlumata görə, “Qarabağ” bir müddətdir Vadjiyə əvəzləyici axtarışındadır.
12:51
“Qarabağ”ın futbolçusu İbrahima Vadji “Sent Etyen” klubu ilə danışıqlar üçün Fransaya yollanıb.
Bunu “Qafqazinfo”ya açıqlamasında Ağdam klubunun idman direktoru Əmrah Çəlikəl bildirib.
Onun sözlərinə görə, seneqallı forvardın keçidi yaxın günlərdə rəsmiləşəcək:
“Son danışıqlar gedir. Vadjinin özünün də istəyi var. Çünki ailəsi Fransada yaşayır. Biz də bunu nəzərə alıb danışıqlar üçün Fransaya yollanmasına icazə verdik. Yəqin ya sabah, ya da növbəti gün transfer rəsmiləşəcək”.
Klub rəsmisi futbolçunun transferi ilə bağlı maliyyə şərtlərinə də sabah aydınlıq gələcəyini bildirib.
Ə.Çəlikəl açıqlamasında yeni transferlərlə bağlı danışıqlar aparıldığını da qeyd edib. O, “yeni hücumçu alınacaqmı?” sualına belə cavab verib:
“Yeni hücumçu ilə bağlı danışıqlar davam edir. Bu məsələdə əsas fikir Qurban Qurbanova məxsusdur”.
10:33
“Qarabağ”ın futbolçusu İbrahima Vadji Fransanın “Sent Etyen” komandasına transfer olunub.
Oxu.Az xəbər verir ki, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.
Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan “Sent Etyen” mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu 20-ci pillədə qərarlaşıb.
Mənbə: “L`Equipe”