"Son vaxtlar süni intellektlə bağlı tətbiq sahələrinin genişləndiyinin, bu sahədə trendin daha da yüksəldiyinin, xəbərlərdə tez-tez yer aldığının, insanların daha çox maraq göstərdiyini və şirkətlərin məhsullarını təqdim edərkən süni intellekt komponentlərini vurğulamaqla PR-larını gücləndirdiklərinin şahidi oluruq".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bu gün Bakıda "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan "Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər" adlı panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektlə bağlı məsələlərdə praktik yanaşmalar müşahidə edilir:
"Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müraciətində qeyd olunan bir məqam da var idi: süni intellektin istifadə edildiyi təxribat əməllərinin miqyası genişlənməkdədir. Biz təcrübədə müşahidə edirik ki, tətbiq sahələri artır, xarici xüsusi xidmət orqanları ilə görüşlər zamanı da bu məsələnin Azərbaycanda deyil, dünya miqyasında daha geniş təsirə malik olduğu görünür".
"Biz tərəfdarıyıq ki, xarici üçüncü tərəfləri cəlb etmədən, öz mütəxəssislərimizlə, Azərbaycan dövlətinə sadiq olan və fədakarlıq göstərən kadrlarla bu problemləri öz imkanlarımız daxilində həll edək. Bəlkə, bu bir qədər vaxt aparır, amma nəticədə əldə etdiyimiz kibersuverenliyimiz, rəqəmsal müstəqilliyimiz olacaq. Bu bizim olacaq, başqasının deyil. Bu istiqamətdə ciddi səylər göstəririk", - deyə D.Rüstəmov vurğulayıb.
Mərahim Nəsib