Bu gün Bakının ev sahibliyi etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasları keçirilib.
Oxu.Az xəbər verir ki, sessiyalarda müxtəlif ölkələrin rəqəmsal inkişaf sahəsinə məsul nazirləri, nazir müavinləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Müzakirələr konfransın ümumi mövzusu olan inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı ətrafında aparılıb.
Natiqlər öz ölkələrinin İKT siyasətləri, rəqəmsal infrastruktur layihələri və regional əməkdaşlıq strategiyaları barədə məlumat veriblər.
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədi daşıyır.
Bu il Azərbaycan MDB regionunda ilk dəfə olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edir.
Konfrans kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT tətbiqləri, innovasiya və İKT-nin tənzimlənməsi kimi sahələrdə inkişafı müzakirə etmək, layihələri nəzərdən keçirmək üçün unikal imkan yaradır.
Konfrans ümumilikdə 2026-29-cu illər üçün qlobal rəqəmsal inkişaf gündəliyinin formalaşdırılmasına töhfə verəcək.
Aygün Mirakif