"ABŞ-nin təşəbbüsü ilə Qəzzada sülhməramlı missiyanın yerləşdirilməsi təşəbbüsünü alqışlamalı və dəstəkləməliyik. Çünki hazırkı məqamda başqa alternativ yoxdur. Bəyanatlar, tribunadan çıxışlar müharibənin qarşısını almır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc BMT Təhlükəsizlik Şurasının ABŞ-nin Qəzza zolağındakı münaqişəni həll etmək planına dair təsdiqlədiyi qətnaməni şərh edərkən deyib.

O bildirib ki, bu prosesi tənzimləmək üçün yaradılan Sülh Şurası minlərlə insanın həlak olmasının qarşısını alacaq:
"Üçüncü dövlətlər İsraillə mübarizə aparmaq üçün Yaxın Şərqdə müxtəlif qruplaşmalar, proksi qüvvələr yaradıb. Rəsmi Təl-Əviv qeyd edir ki, onlar Qəzzanı terrorsuz, silahsız görmək istəyirlər. Həmçinin 7 oktyabr məsələsi qabardılır. Vurğulamaq lazımdır ki, bölgədə xeyli insan həlak olub. İndi isə bu qırğının qarşısını almaq üçün addımlar atılır. ABŞ-nin təşəbbüsü birmənalı şəkildə dəstəklənməldir. Buna alternativ yoxdur.
Ancaq prosesin daha da irəliləməsi üçün təkcə İsraillə deyil, digər dövlətlərlə də işləmək lazımdır. Fələstin Prezidenti Mahmud Abbas da bunu anlayır, dilə gətirir. Lakin oradakı silahlı qüvvələr bir nöqtədən iradə olunmadığı üçün problemlər yaranır. Bir sıra hallarda üçüncü dövlətlər fələstinliləri müdafiə adı altında bu xalq üzərindən İsraillə müharibə aparırlar".
Deputatın sözlərinə görə, Azərbaycanın da Sülh Şurasına mümkün daxilolma ehtimalı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq edir:
"Vurğulamaq lazımdır ki, Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra qlobal gündəliyi dəyişən müxtəlif addımlar atıb. Bunu isə ilk dəyərləndirən Vətən müharibəsindən sonra dünyaya sülh ixrac edən Azərbaycan lideri İlham Əliyev oldu. Məhz bunun fonunda təsadüfi deyil ki, Donald Tramp öz çıxışlarında, paylaşımlarında ölkəmizi və prezidentimizi nümunə göstərdi. İndiyə qədər belə hadisələr olmamışdı. Baş verən proseslər rəsmi Bakıya imkan yaratdı ki, Yaxın Şərqdə qurulan yeni siyasətin bərqərar olunmasında iştirak etsin.
Daha əvvəl qardaş Türkiyə ilə birlikdə Suriyada aktiv rol aldıq. İsraillə münasibətlərimiz strateji xarakter daşımasına rəğmən, yenə də Fələstin məsələsində açıq mətnlə çıxış edirik. Bu, dünyada az görünən hadisədir. Qəzzada sülhü bərqərar etmək üçün Azərbaycanın da adı tez-tez çəkilir. Çünki daha əvvəl bu istiqamətdə təcrübəmiz var".
Aqil Vəlili