Brent markalı neftin qiyməti ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) rəsmi hesabatının açıqlanmasından sonra düşməyə davam edib.
Oxu.Az-ın məlumatına görə, “Report” “Investing.ru” saytına istinadən xəbər verir ki, dünən, mayın 3-də açıqlanan hesabata görə, 20-26 aprel həftəsində ABŞ-ın neft ehtiyatları 0,93 mln. barel azalıb.
Bu, analitiklərin proqnozundan az olub. Belə ki, analitiklər ABŞ-da neft ehtiyatlarının 2,33 mln. barel azalacağını proqnozlaşdırırdılar.
Ehtiyatların gözləniləndən az azalması Brent markalı neftin qiymətinin 50,2 dollar/barelə qədər düşməsinə səbəb olub.
Hazırda 50,45 dollar/barel səviyyəsində olan Brentin qiymətinin yaxın günlərdə 48 dollar/barelə qədər düşməsi mümkündür.
OPEK və ona üzv olmayan neft ölkələrinin mayın 25-də keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması gözlənilir. Məhz bu səbəbdən neft qiymətlərinin bir qədər də geriləyərək yeni bir “ralli”yə hazırlaşdığını söyləmək mümkündür.
Lakin qeyd edək ki, neft qiymətlərinin 60 dollar/bareli keçməsi üçün neft bazarına adı çəkilən anlaşmanın uzadılmasından daha güclü, təsirli xəbərin gəlməsi zəruridir.
Əks halda, neftin qiyməti 58-60 dollar/barel səviyyəsinə çatandan sonra yenidən geri dönəcək.
09:00
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16% azalaraq 50,71 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25% ucuzlaşaraq 47,70 dollar təşkil edib.
U.A.
www.oxu.az