“AGBank” ASC 2016-cı ili 35 milyon 630 min manat zərər ilə başa vurub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Marja” bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Ötən il bankın cəmi gəlirləri 71 milyon 809 min manat (39 milyon 547 min manat faiz, 32 milyon 26 min manat qeyri-faiz), faiz və qeyri-faiz xərcləri isə 70 milyon 326 min manat təşkil edib və nəticədə bankın 1 milyon 483 min manat əməliyyat mənfəəti qalıb.
“AGBank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 36 milyon 969 min manat ayırdığından bankın illik zərəri yüksək olub.
Qeyd edək ki, “AGBank”da böyük məbləğdə zərər bankda ödəmə vaxtı keçmiş kreditlərin kəskin artdığına işarə edir. Bank normativlərə uyğun olaraq gəlirinin və kapitalının bir hissəsini ödənməyə biləcək kreditlərə görə ehtiyata ayırıb və buna görə zərər yaranıb. Bank problemli kreditləri barədə məlumatları açıqlamayıb.
31 dekabr 2015-ci il tarixinə “AGBank” 520 milyon manat cəmi aktivlərə, 466 milyon 199 min manat cəmi öhdəliklərə, 53 milyon 804 min manat cəmi kapitala malik olub.
Bankın maliyyə hesabatları ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
U.A.
www.oxu.az