“ACT Azərbaycan” Bakı sakinlərinin mənzil almaq üsulları barədə apardığı sorğunun nəticələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, mənzil problemi əksər Bakı sakinlərinin ortaq dərdidir.
Amma son iqtisadi hadisələr səbəbindən rəyi soruşulanların 80%-i mənzil almaqdan imtina edir. Yerdə qalan 20% isə bunun üçün müxtəlif üsullardan istifadə edir.
Mənzil sahibi olmaq istəyənlərin əksəriyyəti (38%) bunun üçün ipoteka götürəcəyini bildirib. Pul toplayaraq arzusunu reallaşdırmaq istəyənlər 35% təşkil edir.
Yeni mənzil sahibi olmaq istəyənlərin beşdə biri və ya 19%-i cari mənzilini satıb yenisini almağı planlaşdırır. Mənzil almaq üçün bir neçə varianta əl atanlar da var. Məsələn, mənzil almaq üçün vəsait toplayanlar, həmçinin ipoteka götürəcəyini bildirənlər 2% təşkil edir. Mənzil alışını ipoteka faizlərinin aşağı düşəcəyi günə saxlayanlar sorğuda 1% səs toplayıblar.
Xatırladaq ki, sorğu Bakı şəhərindən 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğunun nəticələrinin yanlışlıq həddi maksimum 4,9%-dir.

U.A.
www.oxu.az