Energetika üzrə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefoviç cümə axşamı Aşqabadda, Avropa İttifaqının Xəzəryanı regionundan təbii qazın Avropaya 2019-2020-ci illərdə çatdırılmasını istədiyini bəyan edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Türkmən televiziyası məlumat yayıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə danışıqların nəticələrinə dair televiziya müsahibəsində Şefoviç qeyd edib ki, o, dövlət başçısı ilə Türkmənistan və Aİ arasında enerji sahəsində tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib, eləcə də Avropa bazarına enerji resurslarının çatdırılmasının diversifikasiyasına dair Avropa İttifaqının proqramı barədə fikir mübadiləsi aparıb.
“Biz konkret olaraq cənubi enerji dəhlizi layihəsinin bizim üçün mühüm və strateji layihə olduğunu müəyyənləşdirdik, çünki o, enerji istiqamətlərini və enerji mənbələrini diversifikasiya etməyə qadirdir. Biz 2019-2020-ci illərdə Xəzəryanı regiondan Avropaya təbii qazın çatdırılmasına başlamaq istəyirik”, - enerji üzrə Avropa komissarı deyib.
Onun sözlərinə görə, Xəzəryanı regiondan Avropaya təbii qazın çatdırılması layihəsinin realizəsinə Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə gələn cümə günü keçiriləcək görüş həsr ediləcək. Şefoviç vurğulayıb ki, dördtərəfli görüş zamanı bu layihə çərçivəsində tərəflərin əməkdaşlıq məsələləri də müzakirə ediləcək.
Şefoviç eləcə də qeyd edib ki, Türkmənistan rəhbəri ilə danışıqlar zamanı Xəzərdən, eləcə də İran ərazisindən keçən qaz kəmərinin inşasının mümkünlüyü müzakirə edilib. Onun sözlərinə görə, indi İran ilə diplomatik münasibətlər pozitiv istiqamətdə inkişaf edir və Avropa İttifaqı ümid edir ki, altılığın İran ilə danışıqları uğurla nəticələnəcək.
“Prezidentin qeyd etdiyi kimi, Türkmənistanda bu layihələrdə iştirak etmək üçün siyasi iradə, Avropada isə enerji təchizatının diversifikasiya arzusu var”, - Şefoviç deyib.
Onun fikrincə, Nabuko layihəsi bir sıra çətinliklərlə qarşılaşacaq, çünki realizəyə lazımi diqqət ayrılmayıb. Şefoviç vurğulayıb ki, Avropa Komissiyası kommersiya maraqları və bu layihədə iştirak arzusunu müəyyən etmək üçün iri Avropa qaz şirkətlərinə müraciət edəcək. O, Avropa Komissiyasının bu istiqamətdə daha inadkar olacağını ümid edir.
Şefoviç həmçinin müsahibədə, Türkmənistan prezidenti ilə Xəzərdən keçən qaz kəmərinin inşası ilə bağlı ekoloji riskləri də müzakirə edib. Onun sözlərinə görə, mütəxəssislərin tədqiqatları yaxşı nəticələr verib, və onlar qaz kəmərinin çəkilməsinin region üçün heç bir ekoloji təhlükə daşımadığını bildiriblər.