2017-ci ilin 5 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Belarus nümayəndə heyətinə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı İdarəsinin rəisi Serqey Dubina rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək müvafiq protokol imzalanıb.
2019-cu ildə Minsk şəhərində II Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat xidmətinin yüksək səviyyədə təşkili və təminatı sahəsində ölkəmizin təcrübəsindən yararlanmaq üçün Qarışıq Komissiyanın iclasları çərçivəsində müzakirələr aparılması qərara alınıb.
E.Ə.
www.oxu.az