Bu günlərdə Avropanın benzinin ən ucuz və ən bahalı olduğu ölkələrinin siyahısı məlum oldu.
Müvafiq araşdırma RİA “Reytinq”in ekspertləri tərəfindən aparılıb.
Reytinq Avropa dövlətlərinin oktan ədədi 95 olan (Rusiyada 95 və daha yüksək) benzinin qiymətləri üzrə 2013-cü ilin 2-ci yarısının əvvəlinə olan statistik məlumatlar əsasında aparılıb. Qiymətlərin təhlili yerli valyutanın Rusiya Mərkəzi Bankının məzənnəsi üzrə rubla çevrilməsi yolu ilə aparılıb. Məlum olub ki, Avropada ən baha benzin Norveçdədir.
Rəsmi məlumatlara görə, bu ölkədə benzinin 1 litrinin qiyməti 78,5 rubl (Azərbaycan Mərkəzi Bankının cari məzənnəsi üzrə 1,88 manat). Reytinqdə ikinci yerdə 74,1 rubl qiymətlə (1,778 manat) İtaliya qərarlaşıb. Üçüncü yerdə isə benzinin 1 litrinin 73,8 rubl (1,773 manat) olduğu Niderland dayanır.
Ən ucuz benzin Gömrük İttifaqı ölkələrindədir. Belə ki, Belarusda benzinin 1 litrinin qiyməti 28 rus rubluna (0,69 manat) bərabərdir. Qiymətlərin ucuzluğuna görə ikinci yerdə benzinin 1 litrini 30,2 rubla (0,7248 manata) almağın mümkün olduğu Qazaxıstan, oktan ədədi 95 olan benzinin 1 litrinin qiymətinin orta hesabla 31 rubl (0,744 manat) təşkil etdiyi Rusiya isə üçüncü yerdə qərarlaşıb. Azərbaycanın adı 32 ölkənin siyahısında yer almayıb.
Oxu.Az xəbər verir ki, Neft Tədqiqatları Mərkəzinin sədri İlham Şaban Exo-ya bunun səbəblərini izah edib.
“Azərbaycanda 95-ci benzinin 1 litrinin qiyməti 0,60 manat təşkil edir ki, bu da siyahıda sonuncu yeri tutmuş Belarusdakı analoji göstəricidən 9 qəpik ucuzdur” – deyə, o bildirib.
Digər məqam isə 95-ci benzinin keyfiyyətindən ibarətdir, ekspert deyir.
“Əslində Azərbaycanda 95-ci benzin istehsal olunmur. Neft emalı zavodlarının sadəcə belə imkanları yoxdur. Buna görə də, 92-ci benzində oktan ədədinin süni şəkildə artırılması ilə 95-ci benzin yaradılır. Əslində ölkəmizdə heç 93-cü benzin yoxdur. Bütün bunlardan çıxış edərək, Azərbaycan benzininin keyfiyyətinin çox aşağı olduğunu demək olar. Əsası da odur ki, biz, 2021-ci ilədək bu keyfiyyətlə yaşamalı olacağıq” – deyə, İ.Şaban qeyd edib.
Ekspert Avropa avtomobillərinin ölkəmizdə çox tez sıradan çıxdığını bildirib:
“Onların əksəriyyəti 98-ci benzinə hesablanıblar. Amma ölkəmizdə “müasirləşdirilmiş” 92-i ilə hərəkət edirlər. Vətəndaşlarımız hələ problemin mahiyyətini anlamayıblar və maşının özünün böyük xərc tələb etdiyini düşünürlər. Axı Avropada həmin avtomobillər 5-7 il ərzində ümumiyyətlə təmirsiz keçinirlər. Səbəb isə ondadır ki, Avropada avtomobil onun kompüter, beyin mərkəzinin uyğunlaşdırıldığı benzini alır. Azərbaycanda ona tökülən benzini avtomobil sadəcə qəbul etmir. O, sadəcə bunun nə olduğunu anlamır. Mən öz tanışlarımdan eşitmişəm ki, tamamilə yeni xarici maşın Bakı-Gəncə yolunda dayanıb və işə düşməkdən imtina edib”.
Bununla yanaşı, avtomobilin səsboğucusundan su damcılarının ayrıldığı hallar da olur, İ.Şaban deyir.
“Bu onunla bağlıdır ki, yanma prosesi axıradək getmir və elə bu da benzinin keyfiyyətindən irəli gəlir. Lakin çatışmazlıqlar bununla bitmir. Əgər siz 10 litr benzin alırsınızsa, onda ən azından sizə yarım litr az tökəcəklər. Buna görə də, avtomobil sürücüləri bir-birlərinə yol kənarlarında olan yanacaqdoldurma məntəqələrində maşınlarına benzin tökdürməməyi məsləhət görürlər. Belə ki, siz aldadıldığınızı aşkarlasanız belə, geri qayıda bilməyəcəksiniz. Buna görə də, həmin yanacaqdoldurma məntəqələrində sizi 1 litr də aldada bilərlər” – deyə, o vurğulayıb.