Martın 2-də Bakıda “Park İnn” hotelində Azərbaycan, Özbəkistan və Çindən olan iş adamları arasında telekörpü təşkil olunub.
“Direct Call, Canton Fair” telekonfransı Kanton yarmarkasının 121-ci sessiyası çərçivəsində Çin Xalq Respublikasının Ticarət Nazirliyi yanında təsis edilmiş Çin Xarici Ticarət Mərkəzinin (China Foreign Trade Centre”) təşkilatı dəstəyi, “International Business Travel” şirkəti, Özbəkistan-Çin Ticarət Evi və Beynəlxalq Biznes və Texnologiyalar Assosiasiyası (BBTA) tərəfindən təşkil edildi və ilk dəfə olaraq Cənubi Qafqaz və Orta Asiyadan olan iş adamlarını dünyanın ən iri idxal və ixrac məhsullarının sərgiləndiyi “CANTON Fair” (Çin, Quançjou) yarmarkasının təşkilatçıları ilə birləşdirib.
Qeyd etmək lazımdır ki, Çin və Orta Asiyanın müxtəlif ölkələri arasında belə telekörpülərin təşkili artıq ənənəyə çevrilib və Bakıdan olan müxtəlif iş adamlarının da iştirak etdiyi hazırkı üçtərəfli format isə ilk dəfədir ki baş tutub.
Telekonfransda ümumilikdə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində çalışan 70-dən artıq iş adamı iştirak edib.
Tədbirdə çıxış edən “Trade Mark Leo Burnett Azerbaijan” şirkətinin baş direktoru Abbas Fətullayev və “Uptime Marketing” şirkətinin təsisçisi və rəhbəri Emin Vəliyev iştirakçıları Kanton yarmarkası barədə məlumatlandıraraq Azərbaycan, Özbəkistan və Çindən olan iş adamları arasında sıx əlaqələrin ümumilikdə sahibkarlığın inkişafına dəstək verə biləcəyinə diqqət yetiriblər.
Daşkənddən Beynəlxalq Biznes və Texnologiyalar Assosiasiyasının (BBTA) direktoru Şuxrat Əzimov öz çıxışında telekörpü iştirakçıları arasında yeni kommersiya əlaqələrinin təsis edilməsinin və eləcə də Bakı, Daşkənd və Quançjoudan olan iş adamları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyindən bəhs edib.
Çin Xalq Respublikası tərəfdən telekonfrans iştirakçılarının suallarını Beynəlxalq əlaqələr idarəsi və VİP müştərilərlə iş üzrə idarənin rəhbəri xanım Mai Suyan cavablandırıb və Azərbaycan şirkətlərinin Çinlə sıx ticarət əlaqələrinə malik olduğunu vurğulayıb.
O bildirib ki, bu cür telekonfranslar qarşılıqlı ticarət əlaqələrinin inkişafına, eləcə də azərbaycanlı və çinli iş adamları arasında iqtisadi münasibətlərin möhkəmlənməsinə əlverişli təsir göstərə bilər.
Tədbirdə iştirak edən iş adamları üçtərəfli formatda telekörpünün keçirilməsinin vacibliyi haqda danışaraq qeyd etdilər ki, Azərbaycandan olan biznes qurumları xarici tərəfdaşlarla ticari əlaqələrin genişlənməsində və həmçinin ölkədə istehsal olunan məhsulların müxtəlif dövlətlərə ixracında maraqlıdırlar.
Bu gün müxtəlif elektron ticarət platformalarının yaradılması, ixrac sahəsinə xüsusi diqqət, yerli və xarici investisiyaların cəlb ediməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafına gətirib çıxardır.
“Direct Call, Canton Fair” telekörpüsü isə öz növbəsində bu prosesə əlverişli təsir göstərməklə yanaşı, həm də Azərbaycan məhsulları barədə Orta Asiya ölkələri və Çinin geniş auditoriyasını məlumatlandıra bilər.
Sonda hər üç ölkədən olan iş adamları bu tip formatın davam etdirilməsinin yüksək əhəmiyyətini və ticarət sahəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.
“Canton Fair” haqqında:
Kanton yarmarkası ilk dəfə 1957-ci ildə təşkil olunub. Yarmarka öz miqyası və təklif edilən məhsullar baxımından dünyada analoq olmayan bir yarmarkadır. Burada çinli sahibkarlarla yanaşı, xarici şirkətlər də öz məhsullarını nümayiş etdirirlər.
Kanton yarmarkasında praktiki olaraq texnikadan, bütün növ avadanlıqlardan başlayaraq mebel, geyim və qida məhsullarına qədər geniş çeşiddə məhsullar sərgilənir. Bu sərginin iştirakçılarının sayı artıq 1 milyonu keçib.
U.A.
www.oxu.az