“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi mövcuddur: “Bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır”.
“Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub”, - deyə nazir əlavə edib.
Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib.
Elvin Əhmədov
www.oxu.az