Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan xaricdən daha çox nə alıb? - SİYAHI
Dövlət Gömrük Komitəsi Azərbaycanın yanvar ayında idxalının və ixracının aylıq hesabatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, 2019-cu ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin müsbət saldosu 256 mln. 925,24 min dollar təşkil edib. 2018-ci ilin eyni dövrü ilə müqayisə etdikdə bu, 26,6% azdır.
Yanvarda ixracın həcmi 1 mlrd. 279 mln. 644,56 min dollar (artım 23,2%), idxalın həcmi 1 mlrd. 22 mln. 719,32 min dollar (artım 48,5%) olub.
İxracın strukturunda 79,56% neftin, 1,56% neft məhsullarının, 7,92% təbii qazın payına düşüb. Bundan əlavə, xaricə satdığımız məhsulların 3,39%-ni meyvə-tərəvəz məhsulları təşkil edib.
Azərbaycan çay, bitki və heyvan mənşəli yağlar, spirtli və spirtsiz məhsullar, kimya məhsulları, pambıq və s. satıb, lakin bu məhsullar ümumi ixracda 0,05-0,93 faizə qədər pay tutur.
Azərbaycan xaricdən əldə etdiyi valyuta hesabına nələr alıb?
İdxalın strukturuna baxsaq, burada 10,97% ərzaq məhsullarının, 1,04% tütün və tütün məhsullarının, 1,81% əczaçılıq məhsullarının, 21,67% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən, onların ehtiyat hissələrinin, 8,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin payına düşüb.
Yanvarda xarici ticarət əməliyyatlarında 2,938 min özəl və dövlət müəssisəsi və 2,817 min fiziki şəxs iştirak edib. Bu dövrdə Azərbaycan dünyanın 129 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2018-ci ildə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 34,73%-i), Türkiyə (9,98%), İsrail (5,97%), Portuqaliya (7,89%), Çexiya (5,52%), Hindistan (4,84%), Vyetnam (4,48%), əsas idxal əməliyyatlarını isə Rusiya (11,8%), Türkiyə (9,03%), Çin (8,55%), Belarus (4,56%), Almaniya (4,38%), ABŞ (6,24,%), Avstraliya (7,87%), Norveç (4,18%) və İranla (7,66%) həyata keçirib.