Azərbaycanda qurbağa əti istehsal edən ferma fəaliyyətə başlayıb.
Oxu.Az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Komitə rəsmisi qeyd edib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün onlara müraciət edilib:
Sahibkar qurbağa ətini Fransaya aparmaq istəyirdi, bunun üçün sənəd lazım idi. Onun sənədlərini hazırladıq, mövcud sənədləşdirmədə problemlərini həll etdik. Dünya standartlarını araşdırdıq və ona lazımı sənədi verdik. Nəticədə sahibkar tərəfindən 2 min ton məhsul xaricə göndərilib".
Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir:
"Burada bataqlıqda olan qurba ətləri yığılmır. Xüsusi bəslənmiş və qida üçün nəzərdə tutulmuş məhsullar yetişdirilir və bu məhsullar müasir standartlara cavab verir".
Qeyd edək ki, Salyanda qurbağa ferması "Azərifrog" MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə yaradılıb, 2016-ci ilin yayından isə fəaliyyətə başlayıb. Bu sahədə biznes quran sahibkar “Azərifrog” MMC adı ilə 2015-ci ildən qeydiyyata düşən şirkətin rəhbəri Rauf Hüseynzadədir.
Uzun müddətdir Fransada yaşayan R.Hüseynzadə AzVision.az-a açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib:
“Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) bitirmişəm. Daha sonra Fransanın Nantes şəhərində eyni adlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu sistemi Azərbaycanda qurmaq qərarına gəldim”.
Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib.
Şirkət rəhbəri qeyd edib ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.
E.Ə.
www.oxu.az