Köhnə və ekoloji cəhətdən sərfəli olmayan avtomobillər elektromobillərlə əvəz oluna bilər. Bunun üçün Azərbaycanın lazımi imkanları var.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev yeni nəsil avtomobillərin ölkəyə gətirilməsi üçün bir neçə təkliflə çıxış edib.
Son zamanlar Avropa ölkələrinin böyük maraq göstərdiyi bu avtomobillərin ölkəyə gətirilməsi üçün hökumətin elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul edilməsini vacib sayan iqtisadçı hesab edir ki, həm yanacaq sərfi, həm ekoloji təmizliyi, həm də kiçik tutumluluq baxımından elektromobillərə marağı artırmaq lazımdır:
“100 kilometrə cəmi 1-2 avro dəyərində yanacaq sərf etmək lazım gəlir. Amma həmin məsafəyə hazırda istifadə etdiyimiz maşınlar 6-7 manatlıq yanacaq sərf edir. Bu maşınların qiyməti təxminə 20 min avrodan başlayır. Bu gün Norveç neft ölkəsi olmasına baxmayaraq, elektromobillərin sayına görə dünyada 1-ci yeri tutur. Artıq Norveç hökuməti paytaxtda elektromobillərdən başqa maşının buraxılmamasını istəyir”.
İqtisadçı ekspert hesab edir ki, ilk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir:
“Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır”.
Samir Əliyevin fikrincə, hökumət istifadədə olan köhnə maşınları ədalətli qiymətə alıb, sürücülərə bu cür maşınları sərfəli kreditlərlə sata bilər. Bundan əlavə müəyyən güzəştlərin tətbiq edilməsi ilə əhalinin bu maşınlara marağını artırmaq olar:
“Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Elektromobillərin satışının ən effektiv sxemi Norveçdədir. Skandinaviya ölkəsində dövlət subsidiyası almaq, pulsuz park etmək, enerjidoldurma məntəqələrini bir sıra vergi və rüsumdan azad etmək, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər mövcuddur”.
İqtisadçı hesab edir ki, köhnə maşınları dövriyyədən çıxarmaq üçün digər variant hibrid avtomobillərin ölkəyə idxalını sürətləndirməkdir:
“Bu yaxınlarda Fransada idim. Orda artıq taksilərdə də hibridlər tətbiq edilib. Bu hibridlər saatda 60 kilometrə qədər sürət zamanı batareyadan qidalanır. Sürət həddi yalnız 60-dan yuxarı qalxdığı təqdirdə benzin işə düşür. Düzdür, Bakıda da belə maşınlar var, amma sayları çox azdır”.
İqtisadçı qeyd edib ki, ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək ölkədə elektromobillərin sayının 1 milyon ədədə çatdırılması planlaşdırılır. Hazırda onların sayı 200 min ədəddir. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır.