Bu gün ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Hətta qlobal böhran şəraitində inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi ixtisarı, işsizliyin artımı baş verdiyi halda, Azərbaycanda yeni yaradılan iş yerlərinin sayı artmaqda davam edib.
Oxu.Az “Marja”-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkəmizdə işsizlik səviyyəsi 5,2%-ə, yoxsulluq səviyyəsi isə 6%-dək enib.
Nazirin sözlərinə görə, milli iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox artdığı respublikada regional inkişaf siyasəti və qeyri-neft sektorunun dinamik şəkildə artaraq ümumdaxili məhsulda 52,7 faizə çatması eyni zamanda bu müddətdə 1 milyon 200 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də ölkədə əhalinin səmərəli məşğulluğunun təminatına öz töhfəsini verməyə çalışıb. 2003-2013-ci illər ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunub”, - F.Ələkbərov bildirib.