Azərbaycanda kommunal xidmətlərə görə tariflərin artması xeyli müddətdir ki, gündəmdədir.
Dövri olaraq müxtəlif dövlət orqanları və idarələri Tarif Şurasına müraciət edərək, göstərdikləri xidmətlərə görə qiymətlərin artırılmasını istəyirlər. Bu zaman idarələr göstərilən xidmətlərin maya dəyərinin onlara görə ödənilən puldan çox olmasına əsaslanırlar. Dövlət aradakı pul fərqini ödəmək üçün pul ayırmır, buna görə də, dövlət idarələrinin faktlarına əsaslanaraq, tarifləri artırmaq lazımdır.
Oxu.Az “Exo”ya istinadən xəbər verir ki, bunu “İqtisadi təşəbbüslərə dəstək” İctimai Birliyinin eksperti Samir Əliyev bildirib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə idarələri, o cümlədən də Dünya Bankı (DB) Azərbaycan hökumətinə büdcə yükünün azaldılması üçün tarifləri artırmağı təklif edir:
“Lakin paralel olaraq, aztəminatlı ailələrin təminatlı ailələrin zərər çəkməməsi üçün DB ünvanlı sosial yardımı artırmağı tövsiyyə edir”.
Lakin S.Əliyev qeyd edir ki, tariflərin artması fonunda büdcə vəsaitlərinin həmin istiqamətlərdə köçürülməsi azalmır:
“Əksinə, onların həcmi artır. Əvəzində isə kommunal xidmətlərin keyfiyyəti yüksəlmir. Bununla əlaqədar olaraq, tariflərin artması yekunda istehlakçının cibindən ödənilir”.
Gələn ilin büdcəsinə gəldikdə isə, S.Əliyev hesab edir ki, növbəti ildə Dövlət Neft Fonundan transfertlərin həcmi azaldılacaq:
“Əvəzində vergi daxilolmalarının artımı proqnozlaşdırılır. Vergi daxilolmaları dövriyyənin artması hesabına baş verə bilər ki, bu da öz növbəsində qiymət artımı ilə mümkündür”.
Ekspertin rəyinə görə, nəzəri təhlil kommunal xidmətlərin həqiqətən də bahalaşacağından xəbər verir.
“Lakin iş ondadır ki, bəzən bu nəzəri təhlil olmadan baş verir. Qiymət artımının gözlənildiyi vaxtda bu baş vermir, lakin tariflər heç kimin bunu gözləmədiyi zaman baş verir”, - deyə, S.Əliyev vurğulayıb.
Öz növbəsində, müstəqil iqtisadçı Oqtay Haqverdiyev “Exo”ya bildirib ki, digər MDB ölkələri (Türkmənistan istisna olmaqla) ilə müqayisədə Azərbaycanda kommunal xidmətlərin tarifləri çox aşağıdır:
“Bunu və xidmətlərin maya dəyərini nəzərə alaraq, tariflərin artırılmasına ehtiyac var”.
Lakin tariflərin artırılması təkcə iqtisadi deyil, həm də siyasi məsələdir, O.Haqverdiyev hesab edir.
“Buna görə də, hər şey hökumətin hansı qərar qəbul edəcəyindən asılıdır. Lakin yalnız büdcə kəsiri əsasında tariflərin artacağını proqnozlaşdırmaq olmaz. Son illər Azərbaycanın büdcəsi kəsirlə proqnozlaşdırılsa da, ilin sonunda həmişə profisitlə başa çatıb” – deyə, ekspert hesab edir.
Gələn il dövlət büdcəsinin kəsiri xeyli çox olacaq və təxminən 1,7 mlrd. manat təşkil edəcək, O.Haqverdiyev deyir.
“Lakin bu böyük rəqəmə baxmayaraq. Gələn ilin büdcəsi də profisitlə başa çata bilər. Xüsusilə də sosial sahəyə toxunmaq olmaz, Azərbaycanın Konstitusiyasına əsasən maaşları azaltmaq olmaz. Lakin investisiya xərclərini ixtisar etmək olar. Əgər investisiya xərclərinin həcmi 9 mlrd. manata çatırsa, bu məbləği 1,7 mlrd. manat ölçüsündə azaltmaq tamamilə realdır.
Lakin mən öz fikrimdə qalıram ki, iqtisadi baxımdan kommunal xidmətlərin tariflərini artırmaq lazımdır. Paralel olaraq, maaşları da artırmaq lazımdır və yalnız büdcədən maliyyələşən vətəndaşların yox, həm də qeyri-büdcə sahəsində, o cümlədən də xidmətlər sahəsində çalışanların məvaciblərini artırmağa ehtiyac var”, - deyə, O.Haqverdiyev vurğulayıb.