Azərbaycanda geoməkan məlumatların toplanılması üçün xüsusi pilotsuz təyyarələrdən istifadə olunması nəzərdə tutulur. Bununla bağlı İsveçrənin Cenevrə şəhərində Dünya Geoməkan Forumu çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) müvafiq şirkətlərlə danışıqlar aparıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu DTXK-nın Geoməkan ve informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev bildirib.
“İndiyə qədər çəkilişlər, fotoplanların hazırlanması və digər məsələlər üçün Yerin zondlanma peyklərindən alınırdı. Müasir texnologiyalar belədir ki, kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparılır. Bundan sonra xüsusi proqram təminatı onu lazım olan formata gətirir və onun üzərində artıq iş görmək, hər cür elektron xəritələr yaratmaq mümkündür. Bunlardan əldə etmək və istifadə etmək gündəmdə olan məsələlərdən biridir”, - deyə C.Abdullayev qeyd edib.
Lakin C.Abdullayev qeyd edib ki, bu texnologiyanın ölkədə tətbiqi üçün bir çox məsələlər nəzər alınmalıdır. Belə ki, Azərbaycanda güclü külək, rütubət kimi amillər var ki, bu aparatlar onlara dözümlü olmalıdır.