2014-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 17,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 13,7 milyard dollar, idxalın həcmi 3,5 milyard dollar təşkil edib, nəticədə 10,2 milyard dollarlıq müsbət saldo yaranıb.
“İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 650,1 milyon dollar təşkil edib”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az