Bakı 3-cü kənar dairəvi yolda dəyişdirilmiş sürət həddi yaxın dəqiqələrdə əvvəlki vəziyyətinə qaytarılıb.
Bunu Oxu.Az Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətinə əsasən, hava şəraiti, yolların buz bağlaması nəzərə alınmaqla yolda quraşdırılmış elektron tablolarda sürət həddi dəyişdirilmişdi.
P.Mürsəliyev qeyd edib ki, hava şəraiti normallaşdığından artıq 3-cü kənar dairəvi yoldakı elektron tablolarda düzəliş edilib və sürət həddi əvvəlki səviyyəsinə qaytarılıb.
09:40
Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib.
Oxu.Az xəbər verir ki, APA-Economics-in məlumatına görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib.
Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.
Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.
Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.
Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.
E.Ə.
www.oxu.az