“ACT Azərbaycan” sentyabrın 11-dən 14-dək Bakı şəhərində apardığı sorğunun nəticələrini təqdim edir.
Oxu.Az şirkətə istinadən xəbər verir ki, 2016-cı ildə ölkədəki maliyyə dəyişiklikləri, eləcə də devalvasiyalar kredit borcu olan əhalidən də yan ötüşməyib.
Bəs Bakı sakinləri kreditləri hansı müddətə götürürlər? Sorğu nəticəsində bəlli olub ki, rəyi soruşulan respondentlərin 37%-in banklara kredit borcu var.
Uzun müddət kredit ödəməyə gənc nəslin səbri çatmır. Belə ki, krediti tez bağlamağın tərəfdarlarının (19%) əksəriyyətini 18-34 yaş arasında olan respondentlər təşkil edir (34%). Onlar krediti 1 ilə qədər müddətdə bağlamağı seçirlər.
Maraqlısı odur ki, respondentlərin yaşı artdıqca, krediti ödəmə müddəti də uzanır. Bankdan kredit götürən Bakı əhalisinin təqribən yarısı (45%) krediti 1-2 il müddətinə götürür. Bu müddətlik kreditə əsasən orta nəslin nümayəndələri (35-54 yaş arası) daxildir - (56%).
Bu yaş kateqoriyasına daxil olan bir qism respondent isə (14%) kreditin ödənməsi üçün uzun müddətə ehtiyac duyur. Ümumilikdə hər 10 respondentdən biri uzunmüddətli kredit (5 il və daha çox) almağa üstünlük verir.
Banklara borcu olan Bakı sakinlərinin 26%-i üçün borc qaytarmaq müddəti 2-5 il arasında dəyişir. Bu krediti əsasən yaşlı nəslin nümayəndələri (55 və yuxarı yaş) götürür - 45%.
Qeyd edək ki, sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4,9%-dir.

U.A.
www.oxu.az