Bakı-Şamaxı yolunun 45/91 km-lik hissəsində əlavə iki zolaq tikilməklə, dörd hərəkət zolağına çatdırılması işləri davam etdirilir. Yol boyu 68 ədəd dairəvi, 9 ədəd düzbucaqlı boru, 16 ədəd mal-qara keçidi, 2 körpü və 6 yerüstü piyada keçidi nəzərdə tutulub.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə torpaq işlərinin 40%-i yerinə yetirilib.
“25 ədəd dairəvi boru tikilib və tikinti altına düşən kommunikasiya xətlərinin köçürülməsi başa çatdırılıb. Ərazidə tikintisi aparılan körpülərdən birində sıvayların tikintisi başa çatdırılıb. Hazırda digər hissələrin tikintisi işləri gedir. Üçaşırımlı körpünün uzunluğu 58 m, eni 11, 5 m olacaq”, - deyə P.Mürsəliyev bildirib.
Qeyd edək ki, 2013-cü ilin avqustunda başlanan işlərin 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.