Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda iştirak edən Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində Nəqliyyat naziri Ziya Məmmədov, Nəqliyyat nazirinin müavini Musa Pənahov, İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Energetika nazirinin müavini Gülməmməd Cavadov, Təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak ediblər.

Bolqarıstan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda: Bolqarıstan İqtisadiyyat naziri Bojidar Lukarskio, Energetika nazirinin müavini Jeçko Stankov, İqtisadiyyat nazirinin müavini Lyuben Petrov, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristova, Təhsil və elm nazirinin müavini Krasimir Kiryakov iştirak ediblər.

Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, sənaye və ticarət, nəqliyyat, İKT və peyk servisləri, təhsil, kənd təsərrüfatı, turizm, mədəniyyət, səhiyyə, sosial təminat, regional inkişaf və abadlıq sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasının gedişatında ölkənin nəqliyyat naziri Ziya Məmmədov deyib ki, Azərbaycan və Bolqarıstan səmərəli ikitərəfli əməkdaşlığın təmin edilməsi üçün lazımi hüquqi bazaya malikdir:

“Ölkələr arasında beş il müddətində mal dövriyyəsi bir milyard dollardan ibarət olub. 2015-ci ildə mal dövriyyəsi 15 milyon dollardan ibarət olub, bu isə mövcud potensialdan aşağıdır. Bu gün Azərbaycan Bolqarıstan ilə fəal şəkildə müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyət göstərir. Əməkdaşlığın gələcəkdə genişləndirilməsi hər iki ölkənin maraqlarına xidmət edəcək”.
Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski iclasın gedişatında Bolqarıstanın Azərbaycana geniş məhsul spektrinin ixracında maraqlı olduğunu bildirib:

“Söhbət farmasevtik məhsullardan və tibbi avadanlıqdan, geyim, ərzaq və digər kənd təsərrüfatı məhsulları, inşaat konstruksiyalarından, eləcə də meyvə və tərvəzlərin emalı üzrə mini zavodların tikintisindən və s. gedir”.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında möhkəm hüquqi-normativ baza yaradılıb, iqtisadi sahədə 20 sənəd imzalanıb.

Nazir müavininin sözlərinə görə, ölkədə biznesin yaradılması və sərmayələrin yatırılması üçün əlverişli şərait yaradılıb.
Azərbaycan bolqar şirkətlərini üçüncü ölkələrə ixracat üçün müştərək müəssisələrin yaradılmasına dəvət edib. 2016-cı ilin yanvar-avqust aylarında ölkələr arasında mal dövriyyəsi 2015-ci ilin analoji dövrü üçün olan göstəricidən iki dəfə artıqdır. Hazırda Azərbaycanda bolqar kapitalı ilə doqquz şirkət fəaliyyət göstərir”.
Heyət üzvləri tərəfindən gələcəkdə Bolqarıstan və Azərbaycan arasında münasibətlərin inkişafı üçün iclasın mühüm rolu qeyd edilib, eləcə də iclasın və imzalanan sənədlərin ümumilikdə iqtisadiyyat, kənd təsərrüfatı və nəqliyyatın, eləcə də iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına təkan verəcəyinə əminlik bildirilib.


Bununla yanaşı, Müştərək Komissiyanın beşinci iclasının yeri və tarixi də müzakirə edilib. Növbəti iclasın Bolqarıstanda keçiriləcəyinə dair qərar qəbul edilib.


İclasda “Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və Sofiyanın Ticarət və Sənaye Palatasının planlarına dair Protokol”, “Bakı beynəlxlaq dəniz ticarət limanı və Bolqarıstanın “Liman infrastrukturları” dövlət şirkəti arasında qarşılıqlı anlaşma haqqında Memorandum” imzalanıb.


İclasın yekununda Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının protokolu imzalanıb.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev