Bakıda Azərbaycanda ilk Ferrari avtomobil salonu açılıb.
Oxu.Az xəbər verir ki, bu gün Ferrari-nin rəsmi distribüterinin çoxdan gözlənilən açılışı baş tutub.
Ən bahalı və əfsanəvi avtomobillər qarajlarda çox qalmayacaqlar – artıq bu gündən brend markanın həvəskarları “qızıl atları” əldə edə biləcəklər.
Ferrari-nin ən yeni evi Bakıda, Üzeyir Hacıbəyov 57 ünvanında yerləşir. Salonun dizaynı italyan brendinin qlobal konsepsiyasına uyğun şəkildə hazırlanıb.
Burada 7 gözəl avtomobil yer alıb.
Hazırda Azərbaycanda Ferrari-nin Avtolux Azerbaijan tərəfindən təqdim olunan dörd modeli mövcuddur. Onların arasında ən “ucuzu” Ferrari California-dır. 460 at gücündə mühərrikə malik bu kupe cəmi 4 saniyəyə saatda 100 km sürət yığır.
Lakin mükəmməlliyin həddi yoxdur. Ən azından Ferrari-də. 458 İtaliya modelinin artıq 570 at gücündə mühərriki var və maksimal sürəti saatda 325 km/s olan avtomobil cəmi 3,4 saniyəyə 100 km/s sürət yığır.
Ferrari F 12 modelinin də göstəriciləri demək olar ki, eynidir. Lakin bu modeldə 620 at gücündə 6 litr həcmli mühərrik yer alıb, interyeri isə hər bir şəxsi heyran qoya bilər. Burada hər bir detal dizayner sənətinin məhsuludur.
Digər model isə Ferrari FF-dir. Bu gözəlin qiyməti 300-500 min manat civarında dəyişir.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az