SWIFT – Qlobal Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin üzvü olan bütün təşkilatlara ünvanlanmış, beynəlxalq aləmdə son zamanlar baş verən kiber cinayətlkarlıq ilə bağlı tövsiyə məktubu Azərbaycan Mərkəzi Bankına (AMB) da daxil olub.
Məktubda bütün üzv təşkilatlara SWIFT-in informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində buraxdığı proqram təminatı yeniliklərinin verilən qrafik əsasında tətbiq edilməsi tövsiyə olunur.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“Eyni zamanda bildirilir ki, SWIFT şəbəkəsindən istifadə üzrə təhlükəsizlik qaydalarına daha ciddi riayət olunmalı, səlahiyyətlər bölgüsünə, identifikasiya və autentifikasiya kimi məsələlərə nəzarət gücləndirilməlidir.
Mərkəzi Bankın ödəniş və digər sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq qanunvericilik aktlarının tələbləri əsasında akreditasiya olunmuş “Bank Sertifikat Xidmətləri Mərkəzi” yaradılmış və bütün sistemlərin iştirakçısı olan maliyyə təşkilatları ilə informasiya mübadiləsi bu mərkəzdən alınmış elektron sertifikatlardan istifadə olunmaqla həyata keçirilir.
Eyni zamanda, SWIFT-in informasiya resurslarına inteqrasiya olunmuş ödəniş sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması üçün ən müasir metodlardan istifadə olunur və cəmiyyətin informasiya təhlükəsizliyi istiqamətində buraxdığı bütün proqram təminatı yenilikləri qrafik əsasında vaxtında tətbiq edilir”, - deyə AMB-dən qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə SWIFT beynəlxalq maliyyə sistemi mərkəzi banklara ünvanladığı məktubda onları yeni haker hücumları dalğası barədə məlumatlandırıb.
Məktubda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilir:
“Haker hücumlarının bəziləri uğursuzluğa düçar olsa da, bəziləri kiber cinayətkarlar üçün uğurlu olub. Hücumlar fevral ayında Banqladeş Mərkəzi Bankına olunan hücumların ardı kimi qiymətləndirilir”.
Ülviyyə R. Əli
www.oxu.az