Pərviz Heydərov yazır...
Cari ilin dövlət büdcəsinə nəyə görə yenidən baxıldığı və dəyişikliklər edildiyi, yəni onun gəlir və xərclər hissəsinin hansı səbəblərdən artırıldığı aydındır. Buna, öncə neft ilə qazın dünya bazar qiymətlərinin əlverişli olması, ikincisi isə ölkə iqtisadiyyatının qeyri-neft sektoru, həmçinin büdcə idarəçiliyi üzrə proqnozların yerinə yetirilmə səviyyəsi və vəziyyəti şərait yaradıb.
Ümumiyyətlə, ölkə iqtisadiyyatı üçün ilin yaxşı başladığı hələ yanvardan məlum idi. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu ilin uğurla start götürdüyünü qeyd etmişdi ki, ilk rübün yekunları bunu əyani sübut etdi. İlk 3 ay ərzində həm ÜDM istehsalında müsbət dinamika davam etdi, həm də dövlət büdcəsi üzrə icra artıq nəticələrlə yekunlaşdı.
Birinci rüb ərzində ölkədə 29 milyard 96,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4% çox ÜDM istehsal olundu ki, qeyri-neft-qaz sektoru 6,7% artaraq 18,7 milyard manat təşkil etdi.
2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsinin icrası da gəlirləri 9 milyard 234 milyon 300 min manat, xərcləri isə 8 milyard 412 milyon 600 min manat təşkil etməklə, 821 milyon 700 min manat profisitlə yekunlaşdı.
Dövlət Neft Fondundan (ARDNF) transfert nəzərə alınmadan büdcə gəlirləri 12,9% çox icra edilməklə 6 milyard 3 milyon 900 min manat təşkil etdi.
Ümumiyyətlə, 2024-cü ilin ilk rübü ərzində dövlət büdcəsi gəlirləri 8 milyard 544 milyon 800 min manat proqnoza qarşı 9 milyard 234 milyon 300 min manata bərabər olmuşdu ki, bu da 689 milyon 500 min manat və ya 8,1%, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4% və ya 944 milyon 300 min manat çox demək idi.
Bütün bu göstəricilər üzrə tendensiya apreldə də davam edib. ÜDM istehsalı 38 milyard 181 milyon 900 min manata çatmaqla 4,3%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 24 milyard 247 milyon 300 min manat təşkil etməklə 7,7% üzərinə qalxıb.
Odur ki, ilin ilk yarısının da artıq, başa çatmasına az qaldığını nəzərə aldıqda, büdcə gəlirliyində cari ildə vəziyyətin daha da qənaətbəxş olacağı gözləntisi var.
Ölkədə görüləsi işlər çoxdur, yerinə yetirilməsi vacib sayılan böyük maliyyə tələbli vəzifələr mövcuddur. Böyük Qayıdış Dövlət Proqramıdır, müdafiə qabiliyyəti ilə milli təhlükəsizliyi möhkəmləndirməkdir, həmçinin infrastruktura aid bir sıra layihələrin icrası və sair kimi məsələlər bura daxildir.
Başqa sözlə, gəlirlər artdıqca xərcləri də eyni templə genişləndirmək tələb olunduğundan izafi vəsait bölüşdürülməlidir. Çünki sözügedən icrası vacib sayılan böyük maliyyə tələbli vəzifələr ölkə üçün o qədər əhəmiyyətlidir ki, real olaraq daxili imkan əgər, əl verməsəydi xarici mənbələrə üz tutmalı olacaqdıq.
Bu baxımdan, yuxarıda sadalanan rəqəmlərə görə həqiqətən, bəxtimiz gətirib. Ancaq...
Hər dəfə qeyd etmişəm və təkrar edirəm, büdcəyə hər il ilin may və iyun aylarında yenidən baxılan zaman daxili və xarici əlverişli müsbət amillər konyunkturu şəraitində gəlir və xərcləri necə gəldi artırmaq da olmaz. Bu, düzgün deyil.
Yeri gəlmişkən, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat nəzərdə tutulub ki, kəsirin yuxarı həddisə 2 milyard 590 milyon manat proqnozlaşdırılmışdı.
2024-cü il üzrə proqnozlaşdırılan gəlirlərin 50,2%-ni və ya 17 milyard 16 milyon 400 min manatını neft sektorunun payına düşürdü ki, bunun da 74,5%-i, 12 milyard 78 milyon 100 min manatını ARDNF-dən transfert təşkil edir.
Yenidən baxılma nəticəsində gəlirlər 36 milyard 35 milyon 300 min manat olacaq ki, bu da proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və yaxud 6,4% çox deməkdir. Təqdirəlayiq haldır ki, bu vəsait Neft Fondu hesabına həyata keçirilməyəcək. Yəni, ARDNF-dən əlavə transfert olmayacaq.
Ötən il isə büdcəyə yenidən baxılan zaman ARDNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4,05% çox həyata keçirilmişdi. 2022-ci ildə isə adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Və nəticədə, ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi.
Bu da xərclərin artması fonunda həqiqətən böyük hadisə və addım sayıldı.
2021-ci ildə və ondan əvvəlki ildə - 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiq edilmişdi. 2022-ci ilin dövlət büdcəsində isə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi.
Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.
Qeyd etmək istədiyim budur ki, neftin dünya bazar qiymətlərinin neçə illərdir həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olmasından, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfert azaldılmalıdır.
Ümumiyyətlə, büdcəyə dürüstləşdirmə zamanı ilk ən böyük müsbət cəhət məhz ondan ibarət sayılmalıdır ki, gəlirin artırılması Neft Fondu hesabına həyata keçirilməsin. Buna rəğmən, istənilən xərc istiqamətində hər cür addım atmaq olar və bu, mümkündür.
Bununla belə, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsi kəsirinin 764 milyon 300 min manat böyüdülməklə 3 milyard 354 milyon 300 min manata çatdırılırması amili də ayrıca diqqət çəkir. Kəsir artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin olunacağı planlaşdırılıb.
Dövlət büdcəsi gəlir və xərclərinin kəsirin yüksəldilməsi hesabına artırılması da yaxşı hal deyil. Bu, effektiv vasitə sayılmır. Həmçinin, üstəgəl iqtisadi artım fonunda inflyasiyanın hədsiz aşağı səviyyədə təşkil etməsi, xarici ticarət dövriyyəsinin enməkdə olması faktorları da nəzərdən qaçırılmalı deyil.