Bu, ilk qatardır. İpək yolu qədim vaxtlardan mövcud olub, işləyib. Bu yolla Azərbaycandan keçməklə yüklər daşınıb. İl yarım əvvəl bu məsələnin üzərinə yenidən qayıdılıb. Əsas məsələ Çin Xalq Respublikasından (ÇXR) Mərkəzi Avropaya yük daşınmasının həyata keçirilməsidir.
Oxu.Az xəbər verir ki, bu barədə Çin, Qazaxıstan, Azərbaycan ərazisindən keçərək Şixezi-Dostık-Aktau-Ələt-Keşlə marşrutu ilə hərəkət edən sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qarşılanması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, ÇXR-in Avropa ilə illik yük dövriyyəsi təxminən 600 milyard dollardan çoxdur və bu da çox böyük yük potensialı deməkdir.
“Qazaxıstanlı həmkarımın söylədiyi kimi, onlar Çindən Avropaya tranzit daşınmasının inkişafı istiqamətində çoxdan işləməyə başlayıblar və 2010-cu ildən 2014-cü ilədək yük daşınmalarının həcmini 40 dəfəyədək artırıblar.
Rusiya vasitəsilə Çin mallarının Avropaya daşınmasını həyata keçirən “Qazaxıstan dəmir yolları” ötən il 1 milyard dollar qazanc əldə edib. Lakin Azərbaycan bu dəhlizlə işləməyib. Bu gün isə biz həmin məsələyə yenidən qayıtmışıq və nəqliyyat dəhlizini aktivləşdirməyə çalışırıq”, - o deyib.
Cavid Qurbanovun sözlərinə görə, burada hər kəsin işləməyi vacibdir.
“Həm sərhəd xidməti, həm gömrük xidməti, ümumiyyətlə, bütün orqanlar bərabər işləməlidir ki, bu koridor öz effektini versin. Gürcüstan yolları, portları da bizimlə birgə çalışır. Biz çalışırıq ki, yollarda aşağı tariflər tətbiq olunsun və “ADY” bu gün aşağı tariflər tətbiq edir və hər kəsi də bu yoldan istifadə etməyə dəvət edir.
Burada ən yüksək güzəştlər tətbiq edilir və burada hər kəsin işləməyi vacibdir. Bu, get-gedə daha da artırılacaqdır. Çindən Azərbaycana yük 45 günün əvəzinə 6 günə çatır və elə bunun özü də sahibkar üçün böyük güzəşt deməkdir”, - QSC sədri qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az