Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat: "Banklar POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar"
"Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat verib.
O bildirib ki, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir:
"POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləği üçün 1,4-1,8% həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, xərcin nə qədər böyük olduğunu təsəvvür etmək çətin olmaz.
2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub. Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət dövriyyəsi isə 24.5 milyard manata çatıb. Komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar, sadəcə, POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar.
Bu, böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımından da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.
Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərinin optimallaşdırılmasına ehtiyac var. Avropada "Interchange" çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-də Durbin Qanunu ilə debet kartların interçeync haqları məhdudlaşdırılıb: 0.21 dollar + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir" .
Deputat qeyd edib ki, Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından bu, banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur:
"Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, daxili interçeync sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər".
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycanda KREDİT FAİZLƏRİ azala bilər - Nazirlik banklara depozit yerləşdirdi
- Çinin Zəngəzur dəhlizindəki maraqları hansılardır?
- Baş nazirdən qərar: Maaşlar neçə faiz artırıldı?
- Deputatdan təklif: "Büdcəyə dəymiş zərər dövlət qurumları üzrə qruplaşdırılsın"
- Kredit borcu olan bəzi şəxslərin adları "qara siyahı"ya düşməyəcək