Türkiyədə ABŞ dollarının məzənnəsi zəifləyib.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, dollar 3,4910 TRY/USD səviyyəsində yer alıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 22:00-da Amerika Mərkəzi Bankının toplantısı keçiriləcək. İclasdan əvvəl bazarlarda dollar zəifləməyə başlayıb.
Report-un xəbərinə görə, ABŞ-da bu gün açıqlanan inflyasiya göstəriciləri də dolların kəskin ucuzlaşmasına səbəb olub.
Belə ki, istehlak qiymətlərinin baza indeksi may ayında aylıq müqayisədə 0,1% artıb. Analitiklərin gözləntiləri bu göstəricinin 0,2% artacağını göstərib. İllik müqayisədə isə bu göstərici 1,9% proqnoz verildiyi halda, 1,7% artıb. Yəni artıq 3-cü aydır ABŞ-da inflyasiya 2%-i ötə bilmir. Bununla yanaşı, pərakəndə satışın baza indeksi mayda aylıq müqayisədə 0,3% azalıb. Halbuki satışın 0,2% artacağı proqnozlaşdırılırdı.
Nəticədə qlobal valyuta bazarında dolların məzənnəsi kəskin azalmağa başlayıb. Belə ki, hazırda əsas valyuta cütlüyündə (avro-dollar) vahid Avropa valyutasının məzənnəsi 0,5% artaraq 1,1265 USD/EUR səviyyəsinə çatıb. FES bu gün uçot dərəcəsini artırarsa, dollarda ucuzlaşmanın davam edəcəyi ehtimalı artır.
Onu da bildirək ki, Azərbaycanda bu gün dolların rəsmi məzənnəsi 1,7023 manat təşkil edib. ABŞ valyutası manata nisbətdə güclənib.
L.Ə.