"İqtisadi, siyasi və mədəni münasibətlərin inkişaf etdirilməsi həm Mərkəzi Asiya ölkələrinin, həm də Azərbaycanın maraqlarına xidmət edir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan əməkdaşlığı şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycanın tranzit əhəmiyyəti daha da yüksələcək:

"Azərbaycan Mərkəzi Asiya ölkələrinin hər biri ilə fərdi və kollektiv şəkildə yaxşı münasibətlərə malikdir. Xüsusilə Özbəkistanla əlaqələr son on ildə daha da güclənib. Əvvəllər Türkmənistanla münasibətlər bir qədər qəliz idi, lakin "Kəpəz" yatağının birgə işlənməsi barədə razılaşmadan sonra tərəflər arasında yaxınlaşmanın genişlənməsi üçün heç bir maneə qalmadı.
Mərkəzi Asiya ölkələrinin hər birinin həm böyük resursları, həm də əhəmiyyətli investisiya potensialı mövcuddur. Azərbaycan da bu ölkələrə yalnız tranzit deyil, həm də investisiya imkanları təklif edə bilər. Birgə fondlar vasitəsilə qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi mümkündür".
Xalid Kərimli qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit marşrutu rolunu oynaya bilər:
"Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bu rolu xeyli gücləndirəcək. Əvvəllər Azərbaycan bu baxımdan kifayət qədər cəlbedici deyildi, çünki uzun illər müharibə riski mövcud idi. Lakin yeni geosiyasi reallıqlar fonunda Azərbaycan Mərkəzi Asiya ölkələrinə öz enerji, mineral və digər ixrac resurslarını Avropaya çıxarmaq üçün etibarlı alternativ qalır. Bu ölkələr indiyədək əsasən İran və Rusiya üzərindən Avropaya çıxış əldə edirdilər. Hər iki ölkəyə tətbiq olunan sanksiyalar fonunda Azərbaycanla əməkdaşlıq daha da aktuallaşır.
Azərbaycan da bu əməkdaşlıqdan ciddi fayda qazanır: Həm öz məhsullarını Mərkəzi Asiya bazarlarına çıxarmaq, həm də həmin ölkələrin Avropaya daşınan yüklərinin tranzitindən gəlir əldə etmək imkanı genişlənir. Buna görə də iqtisadi, maliyyə, investisiya, ticarət və tranzit sahələri üzrə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün əlverişlidir".
Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu alıb. Bu qərar Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib.
Aqil Vəlili