Azərbaycanın qeyri-rəsmi əmək bazarının işçilərinin 30-40%-i ümumiyyətlə, məzuniyyətə çıxmır. Bu gün üçün 9-10 il müddətində məzuniyyətini istifadə etməyən əməkdaşlar mövcuddur. Bəziləri isə hətta sovet dövründən belə məzuniyyətini istifadə etməyib. Və ən dəhşətlisi budur ki, işverənlər onları işdən azad edərkən onlara təzminat ödəmir. Təəssüf ki, bu, böyük problemdir.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İşçilərin hüquqlarını mühafizə Liqasının rəhbəri Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə müvafiq olaraq, əgər insan iki il məzuniyyətə çıxmırsa, ona əsas məzuniyyətə görə təzminat ödənir.
“Hər bir insanın əsas və əlavə məzuniyyəti var. Əlavə hissə müəyyən iş stajı olan əməkdaşlara, iki və ya daha çox uşağı olan qadınlara, eləcə də “zərərli işdə” çalışan işçilərə aiddir”.
Ekspertin dediyinə görə, dövlət sektorunda işverənlər öz əməkdaşlarının hamısını məzuniyyətə yollayırlar.
“Bəzən məzuniyyət zamanı işçiləri işə çağırırlar, amma bunu sənədləşdirmirlər. Qeyri-rəsmi əmək bazarının iştirakçlarının vəziyyəti daha pisdir. Onlar ümumiyyətlə, məzuniyyətə çıxmaya bilərlər. İşverən ədalətli olduğu halda işçilərinə bir həftəlik məzuniyyət verir. Əmək Məcəlləsinə görə hər bir işçinin ildə bir dəfə məzuniyyətə çıxmağa, eləcə də məzuniyyətini bölməyə hüququ var. Birinci hissə ən azı iki həftə olmalıdır. Qalan günləri isə istənilən zaman götürmək, eləcə də onu gələn məzuniyyətə əlavə etmək olar. Çox zaman xarici şirkətlərin əməkdaşları öz məzuniyyətlərini bölürlər”, - o qeyd edib.
Qeyd edək ki, Əmək Məcəlləsinə müvafiq olaraq Azərbaycanda minimum məzuniyyət 21 təqvim günündən ibarətdir.