"Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, bu, eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib. Müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır. Tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakı Konqres Mərkəzində "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalında deyib.
O bildirib ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Milli Strategiyası" bu sahədə dövlətin baxışını müəyyən edib:
"Strategiyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı prioritet sahələr müəyyən edilib, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması, milli kibertəlim mərkəzlərinin və müvafiq laboratoriyaların yaradılması, sahə üzrə dövlət və özəl tərəfdaşlığının qurulması, kadr potensialının formalaşdırılması üzrə prioritetlər əksini tapıb".
"Nazirlik tərəfindən rəqəmsal bacarıqların gücləndirilməsi istiqamətində həyata keçirilən "Coursera National Academy" layihəsi bu baxımdan mühüm rol oynayır. İndiyə qədər platforma vasitəsilə 40 minə yaxın vətəndaş 187000-dən çox kursa qoşulub və onlardan 68000-dən çoxu uğurla tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 600-dən çox kibertəhlükəsizlik kursu mövcuddur. Ümumilikdə, 276000 saatdan artıq tədris materialı izlənilib, bu, ölkədə rəqəmsal savadlılığın, texnoloji adaptasiyanın və mütəxəssis potensialının artdığını nümayiş etdirir. Bu tipli layihələr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir və bu tipli layihələrin genişləndirilməsi arzuolunandır", - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyat Azərbaycanın qeyri-neft sektorunun inkişafında əsas drayverə çevrilir:
"Rəqəmsallaşma əmək məhsuldarlığını artırır, resurslardan istifadənin səmərəliliyini yüksəldir və yeni iş yerləri yaradır. Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10% artım ÜDM-də 1-1.5% yüksəliş deməkdir. Lakin bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühitdə mümkündür. Deməli, kibertəhlükəsizliyə artan xərclər kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa sərmayə kimi baxılmalıdır".
"Beynəlxalq analitiklərin hesablamalarına görə qlobal səviyyədə 2024-cü ildə kiberhücumların iqtisadi zərəri 8 trilyon ABŞ dollarını ötüb, 2025-ci il üçün isə bu xərclərin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyat keçidi təmin edən lokal və qlobal informasiya sistemləri arasında inteqrasiyaların mövcudluğunu nəzərə alsaq, rəqəmsal təhlükəsizlik üzrə həllərin, kadr potensialının formalaşdırılması iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir", deyə - E. Əliyev fikrini tamamlayıb.
Mərahim Nəsib