Hesablama Palatasında Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.
Bu barədə Palatadan Oxu.Az-a bildirilib.
Palatadan qeyd edilib ki, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olmuş, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib. Fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmayıb.
Bundan başqa, həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub
Birliyin işçilərinin əmək haqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də bildirilib.
Məruzədə icarəyə götürülmüş bəzi nəqliyyat vasitələrinə balans dəyərindən artıq icarə haqqının köçürülməsinin yaşıllıqlara qulluq xərclərinin artımı ilə nəticələndiyi, ümumiyyətlə nəqliyyat xərclərinin tərkibində icarə haqqının xüsusi çəkisinin yüksək olduğu bildirilib.
Qüvvədə olan normalara əməl edilməməsinin aparat işçilərinin orta sayının normadan, saxlanma xərclərinin isə istehsalat sahəsi işçilərinin saxlanma xərclərindən çox olmasına səbəb olduğu, qeyd olunan bu amillərin isə son nəticədə idarəetmə xərclərini yüksəltməklə xərclərin səmərəliliyinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az