2015-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,6 mlrd. dolları ekvivalentində olub.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı 2016-cı il dövlət büdcəsinin proqnozunda bildirilir.
Məlumata görə, istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 12,2 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 686,5 ABŞ dolları olub.
Ölkəyə cəlb edilmiş kreditlərin 36,2 faizini sabit dərəcə ilə olan kreditlər, 63,8 faizini isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil etmişdir.
İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7%- 10 ilədək olan müddətdə, 59,7%-i 10 ildən 20 ilədək olan müddətdə, 33,3%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Gələn ilin dövlət büdcəsindən kreditlərin ödənilməsinə 1 mlrd. 249,7 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 473,5 mln. manat yaxud 61% çoxdur.
Əvvəlki illə müqayisədə həmin xərclərin artımı əsasən xarici valyutada ifadə olunmuş borc öhdəliklərinin manatın cari ildəki korreksiyasından sonra yenidən qiymətləndirilməsi, eyni zamanda, bir sıra layihələr üzrə faiz və əsas borcların ödəniş müddətlərinin növbəti ildə başa çatması ilə bağlı olub.