"Binalarda enerji səmərəliliyi sahəsində son illərdə mühüm təkmilləşdirmələr həyata keçirmişik. Bu istiqamətdə istilik izolyasiyası şərtlərinin inkişaf etdirilməsi, binaların minimum enerji göstəricilərinin yaxşılaşdırılması və demək olar ki, sıfır enerjili bina tələblərinin genişləndirilməsi prioritetdir. Son illərdə apardığımız işlər nəticəsində 2020-ci illə müqayisədə yeni binalarda təxminən 30-35 faiz enerji səmərəliliyi əldə olunur".
Bunu Oxu.Az-a açıqlamasında Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Binalarda Enerji Səmərəliliyi və Təsisat İdarəsinin rəisi Hüseyn Namiq Sandıqçı deyib.
İdarə rəisi bu sahədəki təcrübələrini əməkdaşlıq çərçivəsində Azərbaycanla da paylaşmağa hazır olduğuqlarını bəyan edib:
"Bununla bağlı nazirimiz Murat Kurumla Azərbaycanın energetika nazirinin imzaladığı əməkdaşlıq protokolu əsasında üç ay əvvəl fəaliyyətə başlamışıq. Hazırda qardaş Azərbaycanla bu istiqamətdə işlərimizi davam etdiririk və kifayət qədər yaxşı nəticələr əldə etmişik. Azərbaycan Energetika Nazirliyindəki həmkarlarımız binaların enerji göstəricilərinə dair enerji şəhadətnaməsinin hazırlanması üçün proqram təminatının son mərhələsinə gəliblər. İqlim Həftəsi çərçivəsində burada bunları da qiymətləndirəcəyik".
"Burada dayanıqlı və yaşıl binaların təşviq edilməsi və onların mükafatlandırılması məqsədilə beynəlxalq "yaşıl bina" müsabiqəsi keçiririk. Bu müsabiqə bütün dünyaya açıqdır. Mükafatlandırma mərasimi də COP31 çərçivəsində keçiriləcək. Azərbaycanla COP31, xüsusilə də müsabiqə ilə bağlı ayrıca müzakirələrimiz davam edir", - deyə Nazirlik rəsmisi əlavə edib.