Pərviz Heydərov yazır...
İqtisadiyyatında şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik olaraq gəlirlərin uçota alınması və dövlət büdcəsinə ödənişlərin yüksəlməsi ilə nəticələnir. Məsələn, 2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8% artaraq 768,1 minə çatıb.
Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9% artaraq 47,5 min təşkil edib ki, aktiv təsərrüfat subyektləri, yəni obyektlərinin sayı 205,0 min olub. Vergi islahatlarına başlandığı 1 yanvar 2019-cu ildən bəri aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım baş verib.
Bundan əlavə, yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində aparılan işlər də öz bəhrəsini verir. Belə ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaları daha şəffaf aparmağa, malların qanunsuz dövriyyəsinin qarşısını almağa və nəzarəti təmin etməyə imkan yaratmaqla digər istiqamətdə də gəlirləri üzə çıxartmağa yol açır.
2024-cü ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çox deməkdir.
Yeri gəlmişkən, qeyd olunan proses, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.
Bu il aprelin 1-dək ölkədə 97 min 192 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb ki, bu, pis statistika deyil.
Ümumiyyətlə, qeyd olunan NKA-lar nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksi olmaqla, onun vasitəsi ilə alınan və emal edilən çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidməti üzrə informasiya sistemləri bazasına ötürülməsi işlərini təmin edir.
Sözügedən aparatlar pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə olunur.
İş bundadır ki, hələ də pərakəndə satış şəbəkələrində və ictimai-iaşə obyektlərində dövriyyəyə nəzarətin bərpa edilməsindən yayınmaq istəyənlər var, o baxımdan ki, üzərlərinə düşən vergi öhdəliklərindən yayınmağa çalışırlar. Sözügedən nəzarət bir sıra subyektlər üzrə əvvəllər heç bir halda mövcud olmadığından bərpa sözünü işlətmək də düzgün deyil.
Söhbət, təmin etməkdən gedir əslində.
Nəzarət-kassa aparatı mövcud olduğu halda bəhanə olaraq müxtəlif texniki xarakterli səbəblər gətirilməklə ödənişi nağd və yaxud kartdan-karta köçürmə yolu ilə tələb edənlər də mövcuddur.
Məlumdur ki, ölkədə nağdsız ödənişlər xüsusən 2020-ci ildən, yəni pandemiya ilindən sonra genişlənib. Plastik kartlar vasitəsilə ödənişlər artıb və buna əhalidə böyük maraq və meyil yaranıb. Bu özü də dövriyyəyə nəzarətə və onun uçota alınmasına yardım edir və yol açır. Lakin, alış-veriş zamanı və yaxud da tutaq ki, hər hansı bir restoranda göstərilən xidmətə görə ödənişin kartdan karta köçürülməsi həmin nəzarətə və uçota alınmaya imkan yaratmır.
Odur ki, belə amilləri aradan qaldırılmaq lazımdır. Bir daha xatırladıram ki, son 5 ilin ərzində ölkə əhalisinin sosial-iqtisadi istiqamətdə müdafiəsini təşkil etmək məqsədilə biri-birinin ardınca həyata keçirilən dörd mühüm və çoxşaxəli sosial paketin icrası məhz iqtisadiyyatda aparılan vergi və digər islahatların, başqa sözlə desəm, şəffaflaşma və “ağarmanın” hesabına mümkün olub.
Məhz 2019-cu ildən etibarən kölgə iqtisadiyyatına qarşı start götürən inqilabi addımların sayəsində sosial sahədə indiyədək görünməmiş addımlar atmaq mümkün olub ki, minimum əməkhaqqı 2,7, pensiya 2,5 dəfə, 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artıb.
Təkrar sual edirəm, niyə və nəyin hesabına? Sualın cavabı budur ki, ölkədə həyata keçirilməyə başlanan şəffaflığın, yeni yanaşmanın və islahatların hesabına.
Ümumiyyətlə, vergi sahəsində iqtisadiyyatda tətbiq olunmağa başlanılan, mahiyyətcə güzəştli xarakter daşıyan müvafiq islahatlar nəticəsində dərəcələrdə və yığımda inzibatçılıq xeyli təkmilləşib. Yayınma azalıb, uçot bazasının və dövriyyənin sənədləşdirilməsi də daxil, vergitutma rejimi kimi məsələlər yenilənib, vergi güzəştlərinin optimallaşdırılması hesabına iqtisadi səmərə xeyli dərəcə yüksəlib.
Və bütün bunların sayəsində də dövlət büdcəmizə istər vergi, istərsə də, rüsumlar sarıdan ödənişlərin həcmi nəzərdə tutulduğundan milyonlarla manat artıq vəsait daxil olub və olmaqda da davam edir.
Lakin, bütün bunlar fasiləsiz xarakter daşımalıdır.